İcra başçısı yerli özünüidarəetmə orqanları və ictimaiyyət nümayəndələri ilə görüşlər keçirib
05 iyun 2025 | 16:20
Azərbaycan Respublikasında həyata keçirilən genişmiqyaslı islahatların mühüm istiqamətlərindən biri də yerli idarəetmə sisteminin gücləndirilməsi, əhalinin rifah və məmnunluğuna xidmət edən idarəçilik modelinin formalaşdırılmasıdır. Bu fəaliyyətin səmərəli icrasında yerli icra hakimiyyətləri ilə yanaşı, bələdiyyələrin də rolu danılmazdır.
Azərbaycan Respublikası Prezidentinin 6 iyun 2012-ci il tarixli 648 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Yerli icra hakimiyyətləri haqqında Əsasnamə”nin 3.1.4, 3.2.1 və 3.2.4-cü bəndlərinə uyğun olaraq, müvafiq ərazidə fəaliyyət göstərən mərkəzi icra hakimiyyəti orqanlarının yerli qurumları və digər dövlət qurumları ilə, habelə bələdiyyələrlə, qeyri-hökumət təşkilatları ilə və digər təşkilatlarla yerli icra hakimiyyətinin qarşılıqlı fəaliyyətini təmin etmək məqsədilə Qusar Rayon İcra Hakimiyyəti başçısının yerlərdə yeni seçilmiş bələdiyyələrlə keçirdiyi görüşlər yerli idarəetmə orqanları arasında koordinasiyanın gücləndirilməsinə, əhali ilə aparılan işin səmərəliliyinin yüksəldilməsinə xidmət edir.
Qusar Rayon İcra Hakimiyyətinin başçısı cənab Sahir Məmmədxanovun rayonda mövcud 10 bələdiyyənin kollektivi ilə işgüzar görüşləri keçirilmişdir. RİH başçısı Aparatının məsul əməkdaşları, müvafiq bələdiyyələrin inzibati ərazisində fəaliyyət göstərən icra nümayəndəliklərinin əməkdaşları, ağsaqqallar və ziyalıların iştirakı ilə baş tutmuş görüşlərdə bələdiyyələrin fəaliyyətinin təşkili, qarşıya qoyulan vəzifələrin icrası, əhalinin sosial rifah halının yaxşılaşdırılması istiqamətində görülən işlər və qarşıda duran vəzifələr müzakirə edilmişdir.
Bələdiyyə sədrləri üzərilərinə düşən vəzifələri layiqincə icra edəcəklərini bildirərək, qarşılıqlı əməkdaşlıqdan məmnun olduqlarını vurğulayıb, gələcəkdə bu formatda görüşlərin davam etdirilməsinin vacibliyini qeyd ediblər.






