İcra nümayəndələri və bələdiyyə sədrləri ilə qarşıda duran prioritet məsələlər müzakirə olunmuşdur
11 dekabr 2025 | 13:05
Dekabrın 10-da Qusar Rayon İcra Hakimiyyətində RİH başçısı Aparatının məsul şəxslərinin və onlayn formatda inzibati ərazi dairəsi üzrə nümayəndələr və bələdiyyələrin iştirakı ilə iclas keçirilmişdir. Rayon İcra Hakimiyyəti, yerli icra nümayəndəlikləri və bələdiyyələr arasında qarşılıqlı koordinasiyanın daha da gücləndirilməsi və qarşıdakı dövr üçün prioritet vəzifələrin müəyyənləşdirilməsi məqsədilə keçirilmiş iclasda icra nümayəndələri və bələdiyyələrin fəaliyyəti, əhali ilə işin təşkili məsələləri istiqamətində müzakirələr aparılmışdır.
İclasın əvvəlində Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Qusar rayon şöbəsinin rəisi vəzifəsini icra edən polkovnik-leytenant Fuad Hüseynov inzibati ərazi dairələri üzrə nümayəndələrə və bələdiyyə sədrlərinə təqdim olunmuşdur. Fuad Hüseynov yerli strukturlarla birgə fəaliyyətin zəruriliyini vurğulamış, çağırış və səfərbərlik proseslərində operativ informasiya mübadiləsinin və qarşılıqlı dəstəyin xüsusi əhəmiyyət daşıdığını qeyd etmişdir.
İclasın davamında Qusar Rayon İcra Hakimiyyəti başçısının birinci müavini Şahid Fərəməzov yerli idarəetmə orqanları ilə icra hakimiyyəti arasında qarşılıqlı əməkdaşlığın daha səmərəli qurulmasının vacibliyini qeyd etmiş, yerli idarəetmə sistemində operativlik, məlumatların düzgün və vaxtında ötürülməsi, yerlərdə proseslərə nəzarətin gücləndirilməsi kimi amillərin ümumi işin keyfiyyətinin yüksəldilməsinə müsbət təsir göstərdiyini vurğulamışdır. Həmçinin hava şəraitinin kəskin dəyişəcəyi ilə bağlı Rayon İcra Hakimiyyətinə daxil olmuş məlumat iştirakçıların diqqətinə çatdırılmış, icra nümayəndələri və bələdiyyə sədrlərinə yerlərdə zəruri tədbirlərin görülməsi tapşırılmışdır.
Müzakirələr zamanı bələdiyyə torpaqlarının idarə edilməsi, müraciətlərin qeydiyyatının aparılması və növbəlilik prinsipinə əməl olunması, vergilərin və borcların yığılması, torpaq və əmlak vergiləri ilə bağlı bildirişlərin əhaliyə vaxtında çatdırılması, zəbt olunmuş torpaq sahələrinin sənədləşdirilməsi və qanunsuz tikililərə yol verilməməsi məsələləri xüsusi vurğulanmışdır. Qeyd olunmuşdur ki, bu istiqamətlərdə nizam-intizamın gücləndirilməsi, eyni zamanda əhaliyə hesabatlılığın təmin edilməsi, əhali ilə ünsiyyətin gücləndirilməsi, vətəndaş müraciətlərinin operativ və əsaslandırılmış şəkildə cavablandırılması, sənədləşmə işlərinin düzgün və vaxtında aparılması həm yerli büdcənin idarə edilməsi, həm də əhaliyə göstərilən xidmətlərin dayanıqlı təşkili baxımından mühüm əhəmiyyət kəsb edir.
İclasda səsləndirilən təklif, irad və məsləhətlərin icra nümayəndələri və bələdiyyə sədrləri tərəfindən nəzərə alınacağı, fəaliyyətlərində bu istiqamətdə işlərin daha səmərəli və keyfiyyətli təşkil olunacağı bildirilmişdir.






