İdmana qayğı sağlam gələcəyə qayğıdır
05 may 2025 | 18:12
Bu gün Azərbaycan idmanın inkişaf səviyyəsinə görə dünyada aparıcı ölkələrdən biri kimi tanınır. İdmançılarımızın dünya miqyasında əldə etdikləri uğurlar Azərbaycanın idman ölkəsi kimi qazandığı beynəlxalq statusu daha da möhkəmləndirmişdir. Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkəmizdə idmanın inkişafı istiqamətində ciddi tədbirlər həyata keçirilir. Bu sahədə aparılan dövlət siyasəti Qusar rayonunda da uğurla həyata keçirilir. Rayon rəhbərliyi tərəfindən idman sahəsinin inkişafı, uşaqlar, yeniyetmələr və gənclərin asudə vaxtlarını səmərəli keçirmələri məqsədilə rayonun kəndlərində mövcud stadionların yenilənməsi, təmiri istiqamətində işlər aparılır.
Qusar Rayon İcra Hakimiyyətinin dəstəyi ilə rayonun Aşağı İmamqulukənd, Aşağı Ləgər, Gədəzeyxur, Atlıxan, Mucuqoba kənd stadionlarında müəyyən işlər görülmüşdür. Belə ki, Aşağı Ləgər kənd stadionu üçün ayrılmış ərazi hasara alınmış, ot örtüyünün salınması üçün əlavə torpaq gətirilərək stadionun meydançası hamarlanmışdır. Stadionda geyinib-soyunma otağı tikilmiş, sudan rahat istifadəni təmin etmək üçün su anbarı təmizlənərək, su xətti istifadəyə verilmişdir.
Gədəzeyxur, Atlıxan kəndlərində stadion üçün ayrılmış ərazi təmizlənərək hasarlanmışdır. Hazırda Gədəzeyxur və Aşağı İmamqulukənd kənd stadionlarında soyunub-geyinmə otaqlarının tikintisi işləri aparılır.
Rayonun Çubuqlu kəndində uzun müddətdir problemli məsələ kimi qaldırılan stadion üçün torpaq sahəsi ayrılmışdır.
Samur qəsəbəsində stadionun təmirinə maraq göstərən sponsor tərəfindən stadionda işlərə başlanılmışdır.