İdmançılar və məşqçi müəllimlərlə görüş keçirilib
05 mart 2025 | 18:07
Qusar rayon İcra Hakimiyyətinin başçısı Sahir Məmmədxanov 5 Mart – Bədən Tərbiyəsi və İdman Günü münasibətilə gənc idmançılar və məşqçi müəllimlərlə görüşüb.
Qusar rayon Heydər Əliyev Mərkəzində keçirilən görüşdə RİH başçısı Aparatının əməkdaşları, Gənclər və İdman İdarəsinin işçi kollektivi, idman sahəsini təmsil edən gənclər və məşqçi müəllimlər iştirak ediblər.
Görüşdən əvvəl Qusar rayon Heydər Əliyev Mərkəzində şagirdlərin idman sahəsinə həsr etdikləri rəsm əsərlərindən ibarət sərgiyə baxış keçirilib.
Rayon İcra Hakimiyyətinin başçısı görüş iştirakçılarını Bədən Tərbiyəsi və İdman Günü münasibətilə təbrik edərək, onlara uğurlar arzulayıb, idmanın inkişafına göstərilən dövlət qayğısından söz açıb. Gənc nəslin bu sahəyə marağının artırılmasının vacibliyini qeyd edən rayon rəhbəri idmanın kütləviliyinin təmin edilməsi, inkişafı istiqamətində görüləcək işlərdən bəhs edib.
Görüş iştirakçıları rayon ərazisində stadionun istifadəyə verilməsi, ağır atletika, qol güləşi, üzgüçülük kimi idman növləri ilə məşğul olmaq üçün əlverişli şəraitin yaradılması və digər məsələlərlə bağlı müraciətlərini ediblər. Səmimi görüşə və onlara göstərilən diqqət və qayğıya görə rayon rəhbərliyinə öz təşəkkürlərini bildiriblər.