II Qarabağ müharibəsi şəhidlərinin anım mərasimləri keçirilmişdir
03 noyabr 2025 | 12:07
Noyabrın 2-də Qusar rayonunun Əniq və Nəcəfkənd kəndlərində şəhid Amrid Yunusov və şəhid Ramin Nurəhmədovun anım mərasimləri keçirilmişdir. Şəhidlərin məzarları ziyarət edilmiş, məzarları üstünə gül dəstələri düzülərək, əziz xatirələri ehtiramla yad edilmişdir.
Azərbaycan Ordusunun çavuşu olmuş Amrid Yunusov 12 oktyabr 1995-ci ildə Qusar rayonunun Əniq kəndində anadan olmuşdur. 44 günlük Vətən müharibəsi zamanı Hadrut qəsəbəsinin və Füzulinin azadlığı uğrunda gedən döyüşlərdə savaşmış, oktyabrın 28-də Füzuli döyüşləri zamanı şəhid olmuşdur. 2 noyabr 2020-ci ildə Qusar rayonunun Əniq kəndində dəfn olunmuşdur.
Döyüşlərdə göstərdiyi şücaətə görə ölümündən sonra "Füzulinin azad olunmasına görə", "Cəsur döyüşçü", "Vətən uğrunda", "Xocavəndin azad olunmasına görə", "Cəbrayılın azad olunmasına görə" medalları ilə təltif olunmuşdur.
Şəhid Nurəhmədov Ramin Marif oğlu 18 sentyabr 1990-cı ildə Qusar rayonunun Nəcəfkənd kəndində anadan olmuşdur. Azərbaycan Ordusunun əsgəri olmuş Ramin Nurəhmədov II Qarabağ müharibəsi zamanı Xocavəndin və Şuşanın azadlığı uğrunda gedən döyüşlərdə savaşmış, noyabrın 2-də Xocavənd rayonu istiqamətində şəhid olmuşdur. 3 noyabr 2020-ci ildə Qusar rayonunun Nəcəfkənd kəndində dəfn olunmuşdur.
Ölümündən sonra "Şuşanın azad olunmasına görə", "Vətən uğrunda", "Füzulinin azad olunmasına görə" medalları ilə təltif edilmişdir.
Allah bütün şəhidlərimizə rəhmət eləsin!






