Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 23)-385-31-32 , (+994 23)-385-26-80

II Qarabağ müharibəsi şəhidlərinin xatirəsi yad edilmişdir

12 oktyabr 2026 | 18:00
Oktyabrın 11-də Qusar rayonunda Vətən müharibəsi şəhidləri- Aşurəli Səfərəli oğlu Zərbəliyev və Tofik Polad oğlu İbrahimovun şəhadətə ucalmalarının 6-cı ildönümündə anım mərasimləri keçirilmişdir. Şəhidlərin məzarları ziyarət olunmuş, Vətən qarşısında xidmətləri minnətdarlıqla xatırlanmışdır. Qusar Rayon İcra Hakimiyyətinin əməkdaşları tərəfindən hər iki şəhidin ailəsi evlərində ziyarət edilmişdir.
Şəhid Zərbəliyev Aşurəli Səfərəli oğlu1999-cu ilin sentyabrın 9-da Qusar rayonunun Quxuroba kəndində anadan olmuşdur. Azərbaycan Ordusunun əsgəri olmuş Aşurəli Zərbəliyev Vətən müharibəsində iştirak etmişdir. Füzulinin azadlığı uğrunda gedən döyüşlərdə vuruşmuş Aşurəli Zərbəliyev oktyabrın 9-da Füzuli rayonu istiqamətində döyüş tapşırığının yerinə yetirilməsi zamanı şəhid olmuşdur. Şəhid oktyabrın 11-də doğulduğu Quxuroba kəndində dəfn olunmuşdur.
Azərbaycan Respublikasının ərazi bütövlüyünün bərpa edilməsi uğrunda gedən döyüş əməliyyatlarında iştirak edərək igidlik və mərdlik göstərmiş, hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirərək şəhid olmuş hərbi qulluqçu Aşurəli Zərbəliyev Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Sərəncamlarına əsasən ölümündən sonra 3-cü dərəcəli "Vətənə xidmətə görə" ordeni, “Cəsur döyüşçü”, “Füzulinin azad olunmasına görə” medalı, “Vətən uğrunda” medalı ilə təltif edilmişdir.
Şəhid İbrahimov Tofik Polad oğlu 1997-ci ilin noyabrın 1-də Qusar rayonunun Düztahir kəndində anadan olmuşdur. Azərbaycan Ordusunun əsgəri olmuş Tofik İbrahimov Vətən müharibəsi zamanı Xocavəndin və Füzulinin azadlığı uğrunda gedən döyüşlərdə savaşmış, oktyabrın 11-də Füzuli döyüşləri zamanı şəhid olmuşdur. Şəhid oktyabrın 12-də doğulduğu Düztahir kəndində dəfn olunmuşdur.
Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılaraq hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin Sərəncamlarına əsasən şəhid Tofik İbrahimov ölümündən sonra 3-cü dərəcəli "Vətənə xidmətə görə" ordeni, “Füzulinin azad olunmasına görə”, “Vətən uğrunda”, “Cəbrayılın azad olunmasına görə”, “Xocavəndin azad olunmasına görə” medalları ilə təltif edilmişdir.
Keçidlər