Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 23)-385-31-32 , (+994 23)-385-26-80

“ISFA Sporting Cup 2026” komandalararası şahmat turniri keçirilib

10 may 2026 | 09:30
Mayın 9-da Qusar rayonunda Rayon İcra Hakimiyyətinin dəstəyi və ISFA şirkətinin təşkilatçılığı ilə Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 103 illiyinə həsr edilmiş “ISFA Sporting Cup 2026” komandalararası şahmat turniri keçirilib.
Turnirdən əvvəl Ulu Öndər Heydər Əliyevin Qusar şəhərində ucaldılan abidəsi ziyarət edilib, abidə önünə gül dəstələri düzülərək dahi şəxsiyyətin əziz xatirəsi ehtiramla yad edilib.
Qusar Rayon Heydər Əliyev Mərkəzində baş tutan turnirdə Bakı, Sumqayıt, Xırdalan, Quba, Qusar, Şabran, Xaçmaz və Xudat şəhərlərindən 26 komandada 104 şahmatçı iştirak edib.
Turnirin açılış mərasimində çıxış edən Qusar Rayon İcra Hakimiyyəti başçısının müavini, Ərazi-təşkilat və ictimai-siyasi məsələlər şöbəsinin müdiri Ceyhun Hacıyev bildirib ki, bu cür geniş miqyaslı şahmat turnirləri gənclərdə məntiqi təfəkkürün, analitik düşüncənin və sağlam rəqabət mühitinin formalaşmasına xidmət edir. Ceyhun Hacıyev mayın 1-də ISFA şirkətinin dəstəyi ilə Nəriman Nərimanov adına istirahət və mədəniyyət parkında “ISFA Sporting” Şahmat Məktəbinin açılışının baş tutduğunu xatırladaraq, özəl sektorun idmana davamlı dəstəyinin təqdirəlayiq olduğunu vurğulayıb və turnirin iştirakçılarına uğurlar arzulayıb.
Turnirdə çıxış edən Məmmədyarovlar Şahmat Məktəbinin direktoru, beynəlxalq qrossmeyster Zeynəb Məmmədyarova, Bakı Şəhər Gənclər və İdman İdarəsinin nümayəndəsi Gündüz Vəliyev, Respublika Şahmat Məktəbinin müəllimi Fidan Talıbova turnirin yüksək səviyyədə təşkilində əməyi olan təşkilatçılara təşəkkür edib, “zəka oyunu” adlandırılan şahmatın gənclərin məntiqi təfəkkürünün, intellektual səviyyəsinin inkişafında mühüm rol oynadığını vurğulayıblar. Çıxışçılar dövlət tərəfindən idmana göstərilən diqqət və qayğının, bu sahənin inkişafı istiqamətində görülən işlərin nəticəsində bölgələrdə idmana marağın artığını, yeni nəsil istedadların yetişdiyini diqqətə çatdırıblar. Həmçinin paytaxt və bölgələr arasında idman sahəsində əməkdaşlığın gücləndirilməsinin vacibliyi qeyd olunub.
Quba-Xaçmaz Regional Gənclər və İdman İdarəsinin rəisi Qumru Məmmədova çıxışında regionda gənclər və idman sahəsində həyata keçirilən məqsədyönlü tədbirlərdən danışaraq bildirib ki, belə yarışlar bölgələr arasında əməkdaşlığın möhkəmlənməsinə, təcrübə mübadiləsinə və istedadlı gənclərin aşkarlanmasına imkan yaradır. Qumru Məmmədova turnirin təşkilində göstərilən dəstəyə görə Qusar Rayon İcra Hakimiyyətinə və ISFA şirkətinə təşəkkür edib.
Gərgin mübarizə şəraitində keçən turnirin yekununda yüksək nəticə göstərən komandalar və iştirakçılar kubok, medal və diplomlarla təltif olunublar. Xüsusi nominasiyalar üzrə fərqlənən iştirakçılara xüsusi mükafatlar təqdim edilib.
Keçidlər