Kənd komandaları arasında gərgin idman mübarizəsi: Qusar rayonunda futbol turniri başa çatıb
03 iyun 2025 | 08:50
Son illərdə Azərbaycanda idman sahəsinin inkişaf etdirilməsi dövlət siyasətinin prioritet istiqamətlərindən birinə çevrilmişdir. Bu ümumi inkişaf prosesində regionların rolu xüsusilə fərqlənir.
Regionlarda futbolun inkişaf etdirilməsi infrastrukturun müasirləşdirilməsi, yerli istedadların aşkarlanaraq peşəkar futbola inteqrasiyası baxımından mühüm əhəmiyyət kəsb edir. Gənclərin sağlam həyat tərzinin təbliği və sosial inteqrasiyanın gücləndirilməsi kimi vacib məqsədlərə xidmət edən bu proses, bütövlükdə ölkədə futbolun davamlı inkişafına təkan verir.
“Konstitusiya və Suverenlik İli" çərçivəsində Qusar rayonunda kənd komandaları arasında futbol turniri baş tutmuşdur. Gənclərin asudə vaxtlarının səmərəli təşkili, sağlam həyat tərzinin təbliği, region, kənd futbolunun inkişafı və kütləviləşdirilməsi məqsədilə keçirilən turnir 17 may - 2 iyun tarixlərini əhatə etmişdir.
Turnirdə rayonun müxtəlif kəndlərini təmsil edən 9 komanda 1/4 final, yarımfinal və final mərhələlərində güclərini sınayıblar. Gərgin idman mübarizəsi şəraitində keçən qarşılaşmalar futbolsevərlər tərəfindən böyük maraqla izlənilib.
Yarışın final mərhələsində Köhnə Xudat Qazmalar və Bədişqala kəndlərinin futbol komandaları qarşılaşıblar. Maraqlı idman mübarizəsi şəraitində keçən final oyununda Köhnə Xudat Qazmalar kənd komandası birinci, Bədişqala komandası isə ikinci yerdə qərarlaşıblar.
Qalib komanda və digər mükafatçılar təşkilatçılar tərəfindən kubok, medal və diplomlarla təltif olunmuşdur.






