Kənd təsərrüfatı sahəsinin inkişafı ilə bağlı qəbul olunmuş Dövlət Proqramının icrası ilə əlaqədar Qusar rayonu üzrə 2026-2030-cu illəri əhatə edən Fəaliyyət Planının hazırlanması məqsədilə yerlərdə görüşlər keçirilir
28 iyul 2026 | 18:51
“Azərbaycan Respublikasında kənd təsərrüfatı, balıqçılıq və akvakultura məhsullarının istehsalı və emalı sahələrinin inkişafına dair 2026–2030-cu illər üçün Dövlət Proqramı”nın icrası çərçivəsində Qusar rayonu üzrə 2026–2030-cu illəri əhatə edən Fəaliyyət Planının hazırlanması məqsədilə rayonun yaşayış məntəqələrində görüşlər keçirilir. Qusar Dövlət Aqrar İnkişaf Mərkəzinin məsul əməkdaşları tərəfindən inzibati ərazi dairələri üzrə icra nümayəndələri və yerli fermerlərlə keçirilən görüşlərdə Fəaliyyət Planının hazırlanması qaydaları barədə ətraflı məlumat verilir. Görüşlərdə icra nümayəndələrinə Fəaliyyət Planı üçün zəruri məlumatların toplanılması, təhlili və təqdim olunması metodikası izah edilir. Məlumatların düzgünlüyünün və dolğunluğunun təmin edilməsi istiqamətində müvafiq tövsiyələr verilir, sualları cavablandırılır.
Fermerlərlə keçirilən görüşlərdə isə Dövlət Proqramının məqsəd və prioritetləri, aqrar sahədə həyata keçirilən və həyata keçirilməsi nəzərdə tutulan tədbirlər, eləcə də hazırlanacaq Fəaliyyət Planının əhəmiyyəti barədə ətraflı məlumat verilir. Görüşlər zamanı rayonda kənd təsərrüfatının cari vəziyyəti, inkişaf perspektivləri və fermerlərin təklifləri ətraflı müzakirə olunur. Qusar Dövlət Aqrar İnkişaf Mərkəzi tərəfindən bu istiqamətdə görüşlərin növbəti günlərdə də davam etdirilməsi planlaşdırılır. Rayon üzrə toplanan təklif və məlumatlar Qusar rayonu üzrə hazırlanacaq 2026–2030-cu illəri əhatə edən Fəaliyyət Planında öz əksini tapacaq və rayonda aqrar sahənin gələcək inkişaf istiqamətlərinin müəyyənləşdirilməsinə töhfə verəcəkdir.






