Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 23)-385-31-32 , (+994 23)-385-26-80

Kəndlərarası futbol turnirinə start verilib

01 sentyabr 2026 | 19:15
 
Qusar rayonunda idmanın inkişafı, xüsusilə də gənclərin və yeniyetmələrin müxtəlif idman növlərinə cəlb olunması istiqamətində həyata keçirilən tədbirlər davam etdirilir. Rayon sakinləri arasında ən çox sevilən idman növlərindən biri olan futbolun inkişafı, bu sahədə istedadlı gənclərin üzə çıxarılması daim diqqətdə saxlanılır.
Bu məqsədlə hər il Qusar rayonunun müxtəlif kəndlərini təmsil edən komandaların iştirakı ilə kəndlərarası futbol çempionatı təşkil olunur. Ənənəvi xarakter daşıyan bu yarışlar kəndlərdə yaşayan gənclərin idmana marağının artırılması, onların asudə vaxtının səmərəli təşkili, komandalar arasında sağlam rəqabət mühitinin formalaşdırılması və futbolun rayon üzrə daha da inkişaf etdirilməsi baxımından xüsusi əhəmiyyət kəsb edir.
Quba-Xaçmaz Regional Gənclər və İdman İdarəsinin Qusar rayonu üzrə gənclər və idman sektorunun təşkilatçılığı ilə avqustun 27-də Köhnə Xudat kənd futbol meydançasında kəndlər arasında futbol idman növü üzrə Qusar rayon turnirinə start verilib.
Turnirin açılış günündə Köhnə Xudat və Gədəzeyxur kəndlərinin komandaları arasında keçirilən qarşılaşma 2:3 hesabı ilə Gədəzeyxur komandasının qələbəsi ilə başa çatıb. Günün digər oyununda isə Hil və Quxuroba kəndlərinin komandaları üz-üzə gəlib. Qarşılaşma 1:3 hesabı ilə Quxuroba komandasının qələbəsi ilə yekunlaşıb.
Turnirdə ümumilikdə rayonun müxtəlif kəndlərini təmsil edən 16 komanda iştirak edir. Hazırda kənd komandaları arasında keçirilən qarşılaşmalar davam edir.
Keçidlər