"Kitab bilik mənbəyidir" mövzusunda maarifləndirici tədbir keçirilib
23 oktyabr 2026 | 18:07
Oktyabrın 22-də Qusar Peşə Liseyində gənclər arasında mütaliə mədəniyyətinin təşviqi məqsədilə “Kitab bilik mənbəyidir” mövzusunda maarifləndirici tədbir keçirilib.
Tədbirdə kitabın insanın bilik dairəsinin genişləndirilməsində, analitik düşünmə qabiliyyətinin və nitq mədəniyyətinin inkişafında mühüm əhəmiyyət daşıdığı vurğulanıb. Qeyd olunub ki, mütaliə yalnız məlumat əldə etmək vasitəsi deyil, eyni zamanda insanın mənəvi dünyasının zənginləşməsinə, milli-mənəvi dəyərlərin daha dərindən mənimsənilməsinə xidmət edən mühüm inkişaf amilidir. Bu baxımdan kitab gənclərin dünyagörüşünün formalaşmasında, onların müstəqil düşünən, hadisələri təhlil etməyi bacaran və cəmiyyətdə fəal mövqe tutan şəxsiyyətlər kimi yetişməsində xüsusi rol oynayır.
Tədbir çərçivəsində tələbələrlə mütaliəyə marağın artırılması, kitab oxumağın gündəlik həyat tərzinin ayrılmaz hissəsinə çevrilməsi və əldə edilən biliklərin praktiki fəaliyyətlə əlaqələndirilməsi ətrafında fikir mübadiləsi aparılıb. Bildirilib ki, mütaliə insanın yalnız intellektual potensialını artırmaqla məhdudlaşmır, həm də onun hadisələrə münasibətini, ünsiyyət bacarıqlarını və qərarvermə qabiliyyətini inkişaf etdirir. Xüsusilə peşə təhsili alan gənclər üçün nəzəri biliklərlə yanaşı, mütaliə vasitəsilə ümumi dünyagörüşünün genişləndirilməsi gələcək əmək fəaliyyətində uğur qazanmağın və peşəkar inkişafın mühüm şərtlərindən biri kimi dəyərləndirilib.
Çıxışlarda kitabın nəsillər arasında bilik və təcrübə körpüsü yaratdığı, bəşəriyyətin elmi, ədəbi və mədəni irsinin qorunaraq gələcək nəsillərə ötürülməsində əvəzsiz mənbə olduğu da diqqətə çatdırılıb. Vurğulanıb ki, mütaliə vərdişləri erkən yaşlardan formalaşdırılmalı, gənclər öyrənməyə, araşdırmağa, əldə etdikləri məlumatları təhlil edərək düzgün nəticələr çıxarmağa təşviq olunmalıdır.
Tələbələrə kitaba və mütaliəyə yalnız təhsil prosesinin tələbi kimi deyil, şəxsi inkişafın vacib vasitəsi kimi yanaşmaq, elmin sirlərini dərindən öyrənmək, biliklərini daim artırmaq və qazandıqları bilikləri cəmiyyətin inkişafına yönəltmək tövsiyə olunub.






