Köhnə Xudat bələdiyyəsinin illik hesabat yığıncağı keçirilib
Fevralın 4-də Köhnə Xudat bələdiyyəsinin 2025-ci ildə görülmüş işlərə dair hesabat yığıncağı keçirilib. Hesabat yığıncağında Rayon İcra Hakimiyyətinin məsul şəxsləri, bələdiyyənin əhatə etdiyi 5 kəndin sakinləri, həmin kəndlərdə fəaliyyət göstərən dövlət müəssisələrinin rəhbərləri, əməkdaşları, ictimaiyyət nümayəndələri iştirak ediblər.
Hesabat yığıncağında ötən il ərzində əhalidən yığılmış yerli vergi və ödənişlərin həcmi, həmin vəsaitlərin təyinatı üzrə xərclənməsi istiqamətləri barədə məlumat verilib. Bildirilib ki, daxilolmalar əsasən yerlərdə infrastrukturun yaxşılaşdırılması, abadlıq və təmir-bərpa işləri, sosial yönümlü təşəbbüslər və digər yerli əhəmiyyətli məsələlərin həllinə yönəldilib. Maliyyə vəsaitlərinin şəffaf və məqsədyönlü istifadəsinin təmin edildiyi diqqətə çatdırılıb.
Yığıncaqda, eyni zamanda, sakinlərin müraciət və təklifləri əsasında formalaşdırılmış 2026-cı il üçün fəaliyyət planı müzakirə olunub. Gələcək dövr üçün prioritet istiqamətlər müəyyənləşdirilib, icrası nəzərdə tutulan layihələr və görüləcək tədbirlər barədə sakinlərə məlumat verilib. Həmçinin sakinlərin sual və təklifləri dinlənilib, qaldırılan məsələlər ətrafında fikir mübadiləsi aparılıb. Vətəndaşlar bələdiyyənin fəaliyyətini ümumilikdə qənaətbəxş qiymətləndirərək, bundan sonra da sakinlərlə açıq dialoq şəraitində fəaliyyətin davam etdiriləcəyinə inamlarını ifadə ediblər.






