Kommunal xidmətlərin fasiləsizliyi və şəhər infrastrukturunun yenilənməsi məsələləri müzakirə edilib
09 may 2026 | 15:00
Mayın 8-də rayon icra hakimiyyətinin başçısı yanında RİH başçısı Aparatının məsul şəxslərinin və yerli kommunal qurumların rəhbərlərinin iştirakı ilə şəhərin infrastrukturunun təkmilləşdirilməsi ilə bağlı məsələlər müzakirə edilib.
Görüş zamanı şəhərin ümumi görkəminə xələl gətirən köhnə elektrik, rabitə və təbii qaz xətlərinin müasir tələblərə uyğun yenidən qurulması, şəhərin küçələrində asfalt örtüyündə əmələ gəlmiş qüsurların aradan qaldırılması, yol-nəqliyyat infrastrukturunun yaxşılaşdırılması istiqamətində görüləcək işlər müzakirə olunub.
Rayon icra hakimiyyətinin başçısı müzakirə edilən məsələlərlə bağlı müvafiq tapşırıqlar verib. Tapşırıqlarda qarşıdan gələn bayram günlərində əhalinin fasiləsiz içməli su, elektrik enerjisi, təbii qaz və rabitə xidmətləri ilə təmin olunması xüsusi vurğulanıb.
Qurum rəhbərləri tapşırıqların vaxtında və keyfiyyətlə icra olunacağını bildiriblər.






