Konstitusiya və Suverenlik ili çərçivəsində Qusarda vətəndaşlara pulsuz hüquqi yardım göstərilib
Azərbaycan Respublikasında 2025-ci ilin “Konstitusiya və Suverenlik İli” elan edilməsi ölkə miqyasında insan hüquq və azadlıqlarının təşviqi, hüquqi maarifləndirmənin gücləndirilməsi və vətəndaş cəmiyyətinin inkişafına dəstək verilməsi baxımından mühüm əhəmiyyət daşıyır. Bu istiqamətdə həyata keçirilən çoxsaylı tədbirlər sırasında hüquqi yardımın əlçatanlığının artırılması da xüsusi yer tutur.
11 iyul 2025-ci il tarixində bu məqsədlə Milli Məclisin sədri xanım Sahibə Qafarovanın təşəbbüsü, Qusar Rayon İcra Hakimiyyətinin dəstəyi ilə rayonda vətəndaşlara ödənişsiz hüquqi yardım göstərilib. Hüquqi yardımı Azərbaycan Respublikası Vəkillər Kollegiyasının Hüquqi Yardım Mərkəzinin direktor müavini Afət Qaziyeva, Milli Məclisin Qanunvericilik şöbəsinin əməkdaşı Samir Yusifov, eləcə də vəkillər Tofiq Əliyarov və Zahid Məmmədov həyata keçiriblər.
Qəbuldan əvvəl Qusar Rayon İcra Hakimiyyətinin başçısı Sahir Məmmədxanov, Milli Məclisin deputatı Azər Badamov və tədbirin digər iştirakçıları ümummilli lider Heydər Əliyevin abidəsini ziyarət edərək dahi şəxsiyyətin xatirəsini ehtiramla yad ediblər.
Hüquqi yardıma ehtiyacı olan vətəndaşlarla fərdi görüşlər zamanı onların müraciətləri diqqətlə dinlənilib, hüquqi məsələlər üzrə ətraflı məsləhətlər və izahatlar verilib. Vətəndaşların hüquqlarının müdafiəsi və hüquqi maarifləndirilməsi məqsədilə belə görüşlərin mütəmadi olaraq keçirilməsi planlaşdırılır.






