“Konstitusiya və Suverenlik İli” çərçivəsində tədbir keçirilib
29 aprel 2025 | 18:13
Aprelin 28-də Quba-Xaçmaz Regional Mədəniyyət İdarəsi Qusar rayon Mədəniyyət Mərkəzində "Konstitusiya və Suverenlik dövlətçiliyimizin əsas amilləridir" adlı ədəbi-bədii kompozisiya keçirilib.
Əvvəlcə Ümummilli lider Heydər Əliyevin və ölkəmizin ərazi bütövlüyü uğrunda canlarından keçmiş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilmişdir.
Tədbirdə çıxış edən natiqlər 1995-ci il noyabrın 12-də qəbul olunmuş Azərbaycan Respublikasının Konstitusiyasının dövlətimizin müstəqilliyinin, suverenliyinin və ərazi bütövlüyünün qorunması, hüquqi, dünyəvi dövlət quruculuğu, vətəndaşlarımızın layiqli həyat səviyyəsinin, dünya ölkələri ilə dostluq və əmin-amanlıq şəraitində əməkdaşlığın təmin edilməsi kimi ali niyyətlərin həyata keçirilməsi üçün mühüm qanunvericilik bazası rolu oynadığını vurğulayıblar. Qeyd edilib ki, 2025-ci ilin ölkəmizdə “Konstitusiya və Suverenlik İli” elan edilməsi Konstitusiyamızın qəbul edilməsinin 30-cu və Vətən müharibəsində qələbəmizin 5-ci ildönümü ilə əlaqədar ölkəmizin tarixi nailiyyətlərini, suverenliyimizin bərpasını vurğulayan əlamətdar hadisədir. Bu gün Azərbaycan Respublikası xalqımızın milli maraqlarını rəhbər tutaraq, Konstitusiyanın tələblərinə və öz suveren hüquqlarına əsaslanaraq, qarşıda duran strateji hədəflərə doğru inamla addımlayır.
Tədbirdə məktəblilərin ifasında vətənpərvərlik mövzusunda şeirlər səsləndirilib. Məktəblilərə Qusar rayon Mədəniyyət Mərkəzinin rəhbərliyi tərəfindən hədiyyələr təqdim edilib.
Sonda "Konstitusiya və Suverenlik İli" nə həsr olunmuş videoçarxlar nümayiş etdirilib.