Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 23)-385-31-32 , (+994 23)-385-26-80

“Konstitusiyamız ana qanunumuzdur” mövzusunda maarifləndirici tədbir keçirilib

12 noyabr 2026 | 17:55
 
12 Noyabr – Azərbaycan Respublikasının Konstitusiya Günü münasibətilə Qusar rayonunun Köhnə Xudat kənd tam orta ümumtəhsil məktəbində “Konstitusiyamız ana qanunumuzdur” mövzusunda maarifləndirici tədbir keçirilib.
Müəllimlər tərəfindən şagirdlərə Azərbaycan Respublikasının Konstitusiyasının 12 noyabr 1995-ci ildə ümumxalq səsverməsi yolu ilə qəbul edildiyi, dövlətimizin hüquqi əsasını təşkil etdiyi və ölkənin ictimai-siyasi və iqtisadi inkişafının əsas istiqamətlərini müəyyən etdiyi vurğulanıb.
Konstitusiyanın hazırlanması və qəbul edilməsi prosesində Ulu Öndər Heydər Əliyevin müstəsna xidmətlərinin olduğu, onun rəhbərliyi ilə hazırlanmış Konstitusiya layihəsinin Azərbaycanı müstəqil, demokratik, hüquqi və dünyəvi dövlət kimi təsbit etdiyi vurğulanıb. Konstitusiyanın dövlətimizin ali hüquqi qüvvəyə malik normativ hüquqi aktı olduğu, insan və vətəndaş hüquqları və azadlıqlarının ali dəyər kimi təsbit edildiyi, hakimiyyət bölgüsü prinsipinin, dövlətin suverenliyinin və ərazi bütövlüyünün qorunmasının Konstitusiyanın əsas prinsiplərindən olduğu qeyd edilib.
Tədbirlər çərçivəsində müəllimlər tərəfindən şagirdlərə vətəndaşların hüquq və azadlıqları, vəzifələri ilə bağlı məlumat verilib. Qeyd edilib ki, Konstitusiya ilə hər bir vətəndaşa geniş hüquqlar verilməklə yanaşı, Konstitusiyaya və qanunlara əməl etmək, digər şəxslərin hüquq və azadlıqlarına hörmət etmək, dövlət rəmzlərinə hörmətlə yanaşmaq, Vətəni müdafiə etmək və vətəndaşlıq borcunu layiqincə yerinə yetirmək hər bir vətəndaşın əsas vəzifələrdir.
Şagirdlərin öz hüquqlarını bilməsinin, vəzifələrini dərk etməsinin və qanunlara hörmət ruhunda yetişməsinin vacib olduğu, hüquqi biliklərə malik, qanunlara hörmət edən, dövlətə və milli dəyərlərə sadiq gənclərin ölkəmizin gələcək inkişafının əsas təminatı olduğu vurğulanıb.
Keçidlər