Kuzun kəndində səyyar vətəndaş qəbulu keçirilib
20 oktyabr 2026 | 17:54
Əhalinin müraciətlərinin yerində dinlənilməsi və mövcud problemlərin aradan qaldırılması məqsədilə Qusar Rayon İcra Hakimiyyəti başçısının növbəti səyyar qəbulu rayonun Kuzun kəndində keçirilib. Səyyar qəbuldan əvvəl Kuzun kəndində şəhid Atabala Səlimağa oğlu Ağabalayevin məzarı ziyarət edilib, məzarı önünə gül dəstələri düzülərək ruhuna dualar oxunulub.
İcra başçısı ilə yanaşı, rayonun hüquq-mühafizə orqanlarının rəhbərlərinin, Rayon İcra Hakimiyyəti Başçısı Aparatının məsul əməkdaşlarının, idarə, müəssisə, xidmət sahələrinin rəhbərlərinin və kənd sakinlərinin iştirakı ilə baş tutan görüşdə sakinlərin müraciətləri dinlənilib, onlara müvafiq izahatlar, o cümlədən rayonda həyata keçirilən sosial-iqtisadi və infrastruktur layihələri və qarşıdakı dövrdə nəzərdə tutulan tədbirlər barədə məlumat verilib.
Qəbuldan əvvəl Ulu Öndər Heydər Əliyevin və respublikamızın ərazi bütövlüyü uğrunda canlarından keçmiş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Səyyar qəbul zamanı Kuzun kənd sakinləri yararsız vəziyyətdə olan elektrik dirəklərinin dəyişdirilməsi, sakinlərə tibbi xidmətin göstərilməsi üçün kənddə həkim fəaliyyətinin təmin olunması, kəndin yolunun təmir edilməsi, torpaq sahəsinin sənədləşdirilməsinə köməklik göstərilməsi və digər məsələlərlə bağlı müraciət ediblər. Rayon rəhbəri bütün müraciətləri diqqətlə dinləyib. Qaldırılan məsələlərin həlli istiqamətində aidiyyəti qurumların rəhbərlərinə müvafiq tapşırıqlar verilib.






