Laçın rayonunun işğaldan azad olunması tarixi ilə əlaqədar Qusar rayonunda silsilə tədbirlər keçirilmişdir
01 dekabr 2025 | 18:22
1 dekabr – Laçın rayonunun işğaldan azad olunması tarixi ilə əlaqədar olaraq Qusar Rayon Mərkəzi Kitabxanasının bir sıra kitabxana filiallarında silsilə maarifləndirici tədbirlər təşkil olunmuşdur.
Rayonun Zindanmuruqqışlaq, Cağarqışlaq, Gədəzeyxur, Yuxarı Zeyxur, Şirvanlı, Xürel, Yasaboba və digər kənd kitabxana filiallarında, həmçinin Samur qəsəbə kitabxanasında Laçın rayonunun işğaldan azad olunması tarixinə həsr olunmuş məlumat saatları keçirilmişdir. Bununla yanaşı, Ləcət və Əniqoba kənd kitabxanalarında mövzuya dair sərgi və məlumat saatları təşkil olunmuşdur. Dekabrın 1-də Qusar Rayon Mərkəzi Kitabxanasının oxu zalında “Laçın Şəhəri Günü – Zəfərimizin Rəmzi” adlı məlumat saatı təşkil olunmuşdur.
Tədbirlərdə iştirakçılara Laçın şəhərinin qədim tarixi, onun Qarabağ bölgəsindəki mühüm coğrafi mövqeyi və strateji əhəmiyyəti, Laçında aparılan bərpa-quruculuq işləri, Böyük Qayıdış proqramı haqqında məlumat verilmiş, eyni zamanda, şəhərin uzun illər işğal altında qaldığı dövrdə üzləşdiyi dağıntılar, maddi-mədəni irsə vurulan ziyan faktları diqqətə çatdırılmışdır. Həmçinin şəhərin bugünkü inkişafını əks etdirən foto və videomateriallar nümayiş etdirilmişdir.
Qeyd edilmişdir ki, Azərbaycan Ordusu tərəfindən Ermənistanın hərbi təcavüzünə qarşı 2020-ci il sentyabrın 27-də başlanan əks-hücum əməliyyatı 2020-ci il noyabrın 9-da böyük Zəfərlə başa çatmışdır. Müzəffər Ali Baş Komandan Prezident cənab İlham Əiyevin diplomatik məharəti, prinsipiallığı və Şanlı Azərbaycan Ordusunun Zəfəri Ermənistanı kapitulyasiya aktını imzalamağa və əraziləri boşaltmağa məcbur etmişdir. Qarabağ atəşkəs bəyanatına əsasən dekabrın 1-də Laçın rayonu Azərbaycana təhvil verilmişdir. Beləliklə, Azərbaycan Respublikası beynəlxalq qanunların aliliyini və tarixi ədaləti bərpa etmişdir.






