Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 23)-385-31-32 , (+994 23)-385-26-80

Lokal xarakterli antiterror tədbirləri zamanı şəhid olmuş üç qusarlı şəhidin məzarları ziyarət olunub

21 sentyabr 2026 | 15:54
 
Sentyabrın 20-də 2023-cü ilin sentyabr ayında Azərbaycan Respublikasının Silahlı Qüvvələri tərəfindən həyata keçirilmiş lokal xarakterli antiterror tədbirləri zamanı şəhid olmuş üç qusarlı şəhidin – Ramazan Nurməhəmmədov, Niyazi Məmmədəliyev və Sergey Heybətovun şəhadətə ucalmasının üçüncü ildönümlərində məzarları ziyarət olunub.
Anım mərasimində Qusar Rayon İcra Hakimiyyətinin əməkdaşları, ictimaiyyət nümayəndələri, şəhid anaları və şəhidlərin ailə üzvləri və yaxınları iştirak ediblər. Şəhidlərin məzarları üzərinə gül dəstələri düzülüb, əziz xatirələri ehtiramla yad edilib, ruhlarına dualar oxunub. Onların keçdiyi döyüş yolu və göstərdikləri qəhrəmanlıq bir daha minnətdarlıq hissi ilə xatırlanıb.
Şəhid Nurməhəmmədov Ramazan Nurəhmədoviç 1992-ci il martın 17-də Qusar şəhərində anadan olmuşdur. Azərbaycan Respublikasının Silahlı Qüvvələrinin 20 sentyabr 2023-cü il tarixində həyata keçirdiyi lokal xarakterli antiterror tədbirləri zamanı gedən döyüşlərdə şəhid olmuş Ramazan Nurməhəmmədov sentyabrın 22-də Qusar şəhər Şəhidlər Xiyabanında dəfn edilmişdir.
Vətən qarşısındakı xidmətlərinə görə şəhid ölümündən sonra 3-cü dərəcəli “Vətənə xidmətə görə” ordeni, “Vətən müharibəsi iştirakçısı”, “Vətən uğrunda”, “Xocavəndin azad olunmasına görə” və “Füzulinin azad olunmasına görə” medalları ilə təltif olunmuşdur.
Şəhid Məmmədəliyev Niyazi Samir oğlu 2002-ci il iyunun 7-də Qusar rayonunun Gədəzeyxur kəndində anadan olmuşdur. 20 sentyabr 2023-cü ildə həyata keçirilən lokal xarakterli antiterror tədbirləri zamanı gedən döyüşlərdə şəhid olmuş Niyazi Məmmədəliyev sentyabrın 21-də doğulduğu Gədəzeyxur kəndində torpağa tapşırılmışdır.
Şəhid Niyazi Məmmədəliyev ölümündən sonra 3-cü dərəcəli “Vətənə xidmətə görə” ordeni, “Vətən müharibəsi iştirakçısı”, “Vətən uğrunda” və “Laçının azad olunmasına görə” medalları ilə təltif edilmişdir.
Şəhid Heybətov Sergey Ramin oğlu 2003-cü il avqust ayının 2-də Qusar rayonunun Ukur kəndində anadan olmuşdur. Sergey Heybətov lokal xarakterli antiterror tədbirləri zamanı gedən döyüşlərdə şəhid olmuş, sentyabrın 22-də doğulduğu Ukur kəndində dəfn edilmişdir.
Vətən qarşısındakı xidmətlərinə görə ölümündən sonra 3-cü dərəcəli “Vətənə xidmətə görə” ordeni və “Vətən uğrunda” medalı ilə təltif olunmuşdur.
Azərbaycanın ərazi bütövlüyü və suverenliyi uğrunda canlarından keçən şəhidlərin xatirəsi xalqımız tərəfindən daim ehtiramla yad edilir.
Allah şəhidlərimizə rəhmət eləsin!
Keçidlər