Mədəni irs və tarixi abidələrimiz mövzusunda tədbir keçirilib
18 aprel 2025 | 19:07
Aprelin 18-də Quba-Xaçmaz Regional Mədəniyyət İdarəsi Qusar rayon Tarix Diyarşünaslıq muzeyinin təşkilatçılığı ilə “18 aprel Beynəlxalq Abidələr və Tarixi yerlər günü” ilə əlaqədar Mədəni irs və tarixi abidələrimiz mövzusunda tədbir keçirilib. Əvvəlcə rayonun tarixi keçmişini əks etdirən stend-sərgiyə baxış keçirilib.
Tədbirdə çıxış edən məruzəçilər 1982-ci ildən etibarən YUNESKO-nun Abidələrin Mühafizəsi Məsələləri üzrə Beynəlxalq Şurasının qərarı ilə hər il aprelin 18-nin dünyada Beynəlxalq Abidələr və Tarixi Yerlər Günü kimi qeyd olunmasını diqqətə çatdırıb, tarixçilər rayonunun tarixi abidələri haqqında tədbir iştirakçılarına ətraflı məlumat veriblər.
Bildirilib ki, tarixi-mədəni abidələrimiz milli yaddaşımızın tərkib hissəsidir. Onların hər biri sonrakı nəsillər üçün böyük əhəmiyyət kəsb edir. Xalqımızın malik olduğu zəngin mədəni irsin mühafizəsi və inkişaf etdirilməsi ölkəmizdə mədəniyyət sahəsində həyata keçirilən dövlət siyasətinin əsas tərkib hissələrindəndir. Bu gün milli-mədəni irsimizin qorunması və gələcək nəsillərə çatdırılması, eləcə də öyrənilməsi və təbliği dövlət tərəfindən daim diqqət mərkəzində saxlanılır.
Sonda Respublikamızda erməni işğalçıları tərəfindən məhv edilən ölkə və dünya əhəmiyyətli abidələrdən bəhs edən videoçarx nümayiş etdirilib. Rayonun ictimai-siyasi həyatında fərqlənən bir qrup gəncə Fəxri Fərmanlar təqdim olunub.