Mədəni irsimizin təbliğatçısı: Heydər Əliyev Mərkəzi
23 noyabr 2024 | 18:14
Qusar rayon Heydər Əliyev Mərkəzi Azərbaycan xalqının ümummilli lideri, görkəmli dövlət və ictimai xadim Heydər Əliyevin dövlətçilik fəlsəfəsi və azərbaycançılıq məfkurəsinin dərindən öyrənilməsi, geniş təbliğ olunması, həyatı və fəaliyyəti ilə bağlı materialların elmi cəhətdən öyrənilməsini və hərtərəfli inkişafını təşkil edən, Azərbaycan dili və tarixinin, mədəniyyətinin, milli-mənəvi dəyərlərinin yaşadılması istiqamətində sistemli fəaliyyət göstərən dövlət müəssisəsidir. Mərkəzin fəaliyyətində əsas məqsəd Ulu Öndər Heydər Əliyevin həyat və fəaliyyətinin rayon ictimaiyyətinə və rayona gələn qonaqlara daha dərindən çatdırılmasıdır.
Qusar rayon Heydər Əliyev Mərkəzi 2012-ci il 16 fevral tarixində Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin Qusar rayonuna səfəri zamanı istifadəyə verilmişdir. 2 hektar sahədə 2 mərtəbəli olaraq inşa edilən Mərkəzin Muzeyində Ümümmili lider Heydər Əliyevin həyat və siyasi fəaliyyətinin müxtəlif dövrlərini əhatə edən 139 sayda fotoşəkil və sənədlərdən ibarət kolleksiya, ekspozisiya nümayiş etdirilir. Mərkəzdə fəaliyyət göstərən 105 yerlik kinozal, iclas zalı müxtəlif əlamətdar və tarixi günlərin, o cümlədən ümumrayon tədbirlərinin yüksək səviyyədə təşkilinə imkan verir.
Rayon Heydər Əliyev Mərkəzində fəaliyyət göstərən Qadın Resurs Mərkəzi qadınların sosial həyatda iştirakına mane olan amillərin aradan qaldırılması, biznes bacarıqlarının artırılması, sahibkarlıq fəaliyyətinin gücləndirilməsi, liderlik və təqdimat bacarıqlarının inkişaf etdirilməsi istiqamətində mühasibat uçotu və maliyyə savadlılığı, informatika, maliyyələşmə üsulları kimi mövzularda pulsuz təlimlər keçirilir. Qeyd edək ki, təlimlər qadınlara qrant dəstəyindən yararlanaraq, öz bizneslərini qurmağa imkan yaradır.
Mərkəzdə həmçinin yeniyetmə və gənclərin, azyaşlı uşaqların asudə vaxtlarının səmərəli təşkili, uşaqların əl matorikasının, hafizəsinin, təfəkkürünün, və digər qabiliyyətlərinin inkişafına köməklik məqsədilə rəsm və xalçaçılıq dərnəkləri təşkil olunub.
Muzeyə tamaşaçı qismində gələn qonaqlar arasında gənclər və məktəb şagirdləri çoxluq təşkil edirlər. Qonaqlara Ulu öndər Heydər Əliyevin siyasi irsi, həyat və fəaliyyəti ilə bağlı məlumatlar verilir, mövcud ekspozisiya ilə tanışlıq həyata keçirilir.
Qusar rayon Heydər Əliyev Mərkəzi mədəni irsimizin təbliğatçısı olaraq Ulu Öndərin vətənə olan sonsuz məhəbbətini, bağlılığını gənclərə çatdırmaqla yetişməkdə olan gənc nəslin ideoloji inkişafına müsbət təsir göstərməklə yanaşı, gənclərimizdə ölkəmizin zəngin tarixinə və mədəniyyətinə hörmət hissinin aşılanmasında mühüm rol oynayır.