Məktəblilər arasında mini-futbol üzrə rayon birinciliyi baş tutub
20 may 2025 | 18:37
Qusar rayonunda idman sahəsinin inkişafı, sağlam həyat tərzinin təşviqi, şagirdlərin ictimai fəallığının artırılması məqsədilə mütəmadi olaraq məktəblərarası idman oyunları təşkil edilir. 20 may 2025-ci il tarixdə Qusar rayonunda ümummilli lider Heydər Əliyevin anadan olmasının 102-ci ildönümü münasibətilə onun əziz xatirəsinə həsr olunmuş yeniyetmələr arasında mini-futbol üzrə rayon birinciliyi keçirilmişdir.
Qusar rayonunun müxtəlif ümumtəhsil məktəblərini təmsil edən, 12-13 yaşlı yeniyetmələrdən təşkil olunmuş 21 komandanın mübarizəsi yüksək təşkilatçılıq şəraitində keçib. Oyun zamanı həm texniki bacarıq, həm taktiki hazırlıq, həm də komanda ruhu əsas götürülüb. Nəticədə Quxuroba kənd tam orta məktəbini təmsil edən komanda rayon birincisi adını qazanıb. Qusar şəhər 2 saylı tam orta məktəb II, Gündüzqala kənd tam orta məktəbinin təmsilçisi olan komanda III yerdə qərarlaşıblar.
Qalib komandalara Quba-Xaçmaz Regional Gənclər və İdman İdarəsi tərəfindən kubok, medal və diplomlar təqdim olunub.
Rayon üzrə keçirilən bu kimi idman tədbirləri yalnız fiziki hazırlıq baxımından deyil, eyni zamanda yeniyetmələrdə intizam və məqsədyönlülük kimi müsbət keyfiyyətlərin formalaşmasına xidmət edir, istedadlı gənclərin seçilərək, gələcəkdə peşəkar idman sahəsində inkişafına təkan verir.






