Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 23)-385-31-32 , (+994 23)-385-26-80

Meşələrimizi qoruyaq-yanğın təhlükəsizliyi qaydalarına riayət edək

21 aprel 2026 | 15:50
İsti yay günlərində ehtimal olunan xoşagəlməz hadisələrdən biri də yanğınlardır. Belə hadisələrin qarşısının alınmasında aidiyyəti dövlət orqanları ilə yanaşı, vətəndaşların da üzərinə çox mühüm vəzifələr düşür. Külli miqdarda ziyanla nəticələnən yanğın hadisələrinin baş verməməsi üçün yay mövsümündə qabaqlayıcı tədbirlərin görülməsinə daha çox diqqət yetirilməlidir. Meşələri yanğından qorumaq üçün Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğın Nəzarəti Xidməti isti yay günlərində vətəndaşlara yanğın təhlükəsizliyi qaydalarına ciddi riayət etmələrini tövsiyə edir. Meşələrdə yanğın təhlükəsizliyinə cavabdeh olan şəxslər, o cümlədən meşə-mühafizə mühəndisləri meşələrin yanğın təhlükəsizliyi qaydalarını bilməklə meşə sahələrində və zolaqlarında yanğına qarşı ciddi rejim təyin etməli və ona ciddi riayət olunmasını daim nəzarətdə saxlamalıdırlar. Meşə təsərrüfatının rəhbər işçiləri yanğınsöndürmə texnikalarını və vasitələrini, təbii və süni su mənbələrinin, keçidlərin, yolların vəziyyətini daim yoxlamalı, mütəmadi olaraq işçilərlə yanğınsöndürmə xidmətinin çağırılması, yanğınsöndürmə avadanlıqlarından düzgün istifadə edilməsi ilə əlaqədar məşqlər keçirməlidirlər. Meşə və meşə zolaqlarında yanğınların baş verməsinə səbəb ola bilən amillərin aradan qaldırılması üçün təxirəsalınmaz tədbirlərin həyata keçirilməsi, həmçinin yanğınsöndürmə vasitələrinə vaxtlı-vaxtında texniki qulluq göstərilməsi də zəruridir.
Meşə sahələrində baş verən 10 yanğından 9-u odla ehtiyatsız davranma və ya meşədə iş və istirahət zamanı insanların yanğın təhlükəsizliyi qaydalarını pozmaları səbəbindən baş verir. Xüsusi olaraq qeyd etmək lazımdır ki, meşədə və ya meşəətrafı sahələrdə yandırılmış tonqallar və bu tonqalların tam söndürülmədən nəzarətsiz qoyulması kütləvi meşə yanğınlarına səbəb ola bilər. Söndürülməmiş kibritin, siqaret kötüyünün meşəyə atılması, maşınların mühərrikindən qopan qığılcımlar da yanğın törədir. Meşələrə sürtkü yağı, benzin, ağ neft, dizel yanacağı və sair yanar mayelərə bulaşmış materiallar atmaq olmaz. Meşədə torf və bitki köklərinin yandırılması yanğın təhlükəsizliyi cəhətdən yolverilməzdir. İstirahət edən zaman şüşə qabları, şüşə qırıntılarını meşəyə atmaq qadağandır. Əks halda, günəş şüasından təsirlənən şüşə qablar və qırıntıları yanğın ocaqlarının yaranmasına səbəb ola bilər.
Müəyyən olunmamış yerlərdə avtomobil, traktor və digər daxiliyanma mühərrikli aqreqatların yanacaqla doldurulması, eləcə də onların yaxınlığında tonqal qalanması yanğın təhlükəsi yaratdığından yolverilməzdir. Yanğın təhlükəsi olan meşə sahələri, meşə yolları və digər torpaqlarla həmsərhəd olan sahələr yanğın əleyhinə 2-3 metr enində şumlanmalı, meşənin quru ot və odun qalıqlarından təmizlənməsi təmin edilməli, meşə ərazisində yerləşdirilən hər hansı tikilinin ətrafı 15 metr radiusunda şumlanmalı və ya yanğına qarşı minerallaşdırılmış zolaqlarla təmin edilməlidir. Meşədən və ya meşə zolağından keçən avtomobil və dəmir yollarının hər iki tərəfi 10 metr məsafədə yanar materiallardan təmizlənməli, meşələr yanğına qarşı minerallaşdırılmış zolaqlarla təmin edilməlidir.
İsti yay fəsli meşələrin yanğın təhlükəsini daha da artırır. Məhz buna görə cavabdeh şəxslər tərəfindən vaxtaşırı olaraq meşədaxili və ətraf sahələr yoxlanılmalıdır. Yanğın və alışma hadisəsi baş verən zaman mövcud əlaltı odsöndürücü vasitələrdən istifadə edilməlidir. Yolda hərəkət edən nəqliyyat vasitələri istifadəçiləri və digər vətəndaşlar tərəfindən siqaret qalığının yanılı vəziyyətdə yerə atılması meşə yanğınlarının baş verməsinə səbəb ola bilər. Hər bir vətəndaş bilməlidir ki, meşələrdə yanğın təhlükəsizliyi qaydalarına riayət etməklə o, ölkəmizin iqtisadiyyatının inkişafına və vətəndaşlarımızın sağlamlığına xidmət etmiş olur.
Yuxarıda qeyd olunan hallarla bağlı, hər hansı bir yanğın hadisəsi baş verərsə, “112” nömrəli telefona zəng etməyi unutmayın.
Keçidlər