Milli kimliyə bağlılıq və vətənpərvərlik dövlətçilik ənənələrinin yaşadılmasının əsas şərtidir
29 oktyabr 2026 | 18:08
Oktyabrın 28-də Qusar Peşə Liseyində “Vətənpərvərlik və dövlətçilik-milli kimliyimizin və gələcəyimizin əsası” mövzusunda tədbir keçirilib. Liseyin müəllim və tələbə kollektivinin iştirakı ilə keçirilən tədbirdə əvvəlcə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib, Vətənimizin ərazi bütövlüyü və suverenliyi uğrunda canlarından keçmiş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Tədbirdə çıxış edən natiqlər gənc nəslin milli-mənəvi dəyərlər ruhunda tərbiyəsinin, onlarda vətənpərvərlik şüurunun və dövlətçilik təfəkkürünün möhkəmləndirilməsinin müasir dövrdə xüsusi əhəmiyyət kəsb etdiyini vurğulayıblar. Qeyd olunub ki, vətənpərvərlik tarixi yaddaşın yaşadılması, milli kimliyin qorunub saxlanılması və hər bir vətəndaşın dövlət və cəmiyyət qarşısında məsuliyyətini dərindən dərk etməsində ifadə olunan ali dəyərdir. Məhz bu dəyərlərin gənclərə aşılanması onların gələcəyin layiqli vətəndaşları kimi formalaşmasında mühüm rol oynayır.
Çıxışlarda diqqətə çatdırılıb ki, müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu Ulu Öndər Heydər Əliyevin formalaşdırdığı və Prezident İlham Əliyevin uğurla davam etdirdiyi azərbaycançılıq ideologiyası və dövlətçilik konsepsiyası milli birliyimizin və həmrəyliyimizin ideoloji əsasıdır. Bu siyasətin nəticəsidir ki, bu gün Azərbaycan gəncliyi Vətəninə bağlı, milli kimliyinə sadiq, yüksək vətəndaşlıq mövqeyinə malik nəsil kimi yetişir.
Tədbir çərçivəsində mövzu ilə bağlı videoçarx nümayiş etdirilib, müəllim və tələbələrin iştirakı ilə fikir mübadiləsi aparılıb.






