“Milli mənəvi dəyərlərin qorunması: Heydər Əliyev irsində gəncliyin yeri” mövzusunda məşğələ keçirilmişdir
04 dekabr 2025 | 18:25
Dekabrın 4-də Qusar Peşə Liseyində Qusar Rayon İcra Hakimiyyətinin dəstəyi, Yeni Azərbaycan Partiyası Qusar rayon təşkilatının təşkilatçılığı ilə təşkilatın nəzdində fəaliyyət göstərən “Heydər Əliyev siyasi məktəbini öyrənirik” dərslərinin növbəti məşğələsi “Milli mənəvi dəyərlərin qorunması: Heydər Əliyev irsində gəncliyin yeri” mövzusunda keçirilmişdir.
Əvvəlcə Ümummilli Lider Heydər Əliyevin və Respublikamızın ərazi bütövlüyü uğrunda canlarından keçmiş şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edilmiş və Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilmişdir.
Tədbirdə çıxış edən YAP Qusar rayon təşkilatının sədri David İbramxəlilov dahi şəxsiyyət Heydər Əliyevin milli-mənəvi dəyərlərə göstərdiyi xüsusi diqqət və qayğının dövlət siyasətimizin təməlində dayanan humanistlik və milli özünüdərkin əsaslarını təşkil etdiyini diqqətə çatdırıb. Bu cür məşğələlərin gənc nəslin milli-mənəvi dəyərlər və dövlətçilik ideyalarına sədaqət ruhunda tərbiyə olunması, Azərbaycançılıq duyğularının möhkəmləndirilməsi baxımından mühüm əhəmiyyət daşıdığını qeyd edən təşkilat rəhbəri ölkəmizdə Ulu Öndər Heydər Əliyevin siyasi kursunun davamı olaraq həyata keçirilən uğurlu gənclər siyasəti haqqında məlumat verib.
Tədbirdə çıxış edən digər natiqlər mənsub olduğu xalqın tarixi keçmişinə, mənəvi irsinə və milli dəyərlər sisteminə sönməz məhəbbət duyğularıyla yanaşan Ulu Öndər Heydər Əliyevin “Hər xalqın özünə, öz tarixi köklərinə, əcdadları tərəfindən yaradılmış milli-mənəvi dəyərlərinə bağlılığı böyük amildir. Biz də indi dünyanın mütərəqqi mənəvi dəyərlərindən istifadə edərək, xalqımızın mədəni səviyyəsini daha da inkişaf etdirərək, gənc nəsli daha da sağlam əhval-ruhiyyədə, saf əxlaqi əhval-ruhiyyədə tərbiyələndirməliyik” fikrini diqqətə çatdıraraq bildiriblər ki, bu strateji yanaşma bu gün də ölkəmizdə gənclər siyasətinin əsasını təşkil edir.
Diskussiya şəraitində keçən məşğələdə gənclərin mövzu ilə bağlı sualları cavablandırılıb. Sonda xalqımızın Ümummilli Lideri Heydər Əliyevə həsr olunmuş film nümayiş etdirilib.






