Milli Qəhrəman Çingiz Qurbanovun xatirəsi anılıb
29 dekabr 2024 | 15:53
Dekabrın 29-u Qusar rayonunda Azərbaycan Respublikasının Milli Qəhrəmanı, şəhid Çingiz Qurbanovun anım mərasimi keçirilib.
Mərasimdə iştirak edən Qusar Rayon İcra Hakimiyyəti başçısının birinci müavini Şahid Fərəməzov, RİH başçısı aparatının məsul işçiləri, idarə, müəssisə, təşkilat rəhbərləri Çingiz Qurbanovun ailə üzvləri ilə birlikdə Milli Qəhrəmanın məzarını ziyarət edib, məzarı önünə tər güllər düzərək ruhuna dualar oxuyub, xatirəsini ehtiramla yad edib, şəhidin evində ehsan süfrəsində iştirak ediblər.
Çingiz Qurbanov 24 noyabr 1994-cü ildə Qusar rayonunun Həzrə kəndində anadan olub. Doğulduğu kənddə təhsilini başa vuraraq 2012-ci ildə Azərbaycan Texniki Universitetinə daxil olub. 2016-cı ildə həmin universitetin məzunu olub və həmin ilin iyul ayında həqiqi hərbi xidmətə yollanıb.
Azərbaycan Ordusunun əsgəri olmuş Çingiz Qurbanov 2016-cı ilin dekabrın 29-da Azərbaycan-Ermənistan dövlət sərhəddində ermənilərin kəşfiyyat qrupunun təxribatının qarşısını alan zaman sərrast atəşlə 3 erməni döyüşçüsünü məhv edib, 1-ni ağır yaralayıb. Özü isə qəhrəmancasına şəhid olub. Prezident İlham Əliyevin tapşırığına əsasən, Çingiz Qurbanovun nəşi fevralın 5-də qarşı tərəfdən alınıb. Fevralın 6-da Bakıda Müdafiə Nazirliyinin Təlim və Tədris Mərkəzində vida mərasimi keçirildikdən sonra şəhid Çingiz Qurbanov doğulduğu Qusar rayonunun Şəhidlər xiyabanında dəfn edilib.
2017-ci ilin 7 fevralında Azərbaycan Respublikası Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin sərəncamı ilə Azərbaycan Respublikasının ərazi bütövlüyünün qorunub saxlanılmasında xüsusi xidmətlərinə və döyüş tapşırığını yerinə yetirərkən göstərdiyi şəxsi igidliyə görə əsgər Çingiz Salman oğlu Qurbanov ölümündən sonra “Azərbaycanın Milli Qəhrəmanı” adına layiq görülüb.
Şəhidimizin xatirəsini yaşatmaq üçün Qusar şəhərindəki küçələrdən birinə və təhsil aldığı Həzrə kənd tam orta məktəbinə Çingiz Qurbanovun adı verilmiş, haqqında “Çin olan yuxu” filmi çəkilmişdir. Xatirəsinə həsr edilmiş “Çingiz dastanı” adlı kitabının 2017-ci il martın 16-da Silahlı Qüvvələrin Təlim və Tədris Mərkəzində təqdimatı baş tutmuşdur.
Vətən yolunda canlarını qurban verən şəhidlərimiz hər zaman qəlblərdə yaşayırlar. Onları yad etmək, xatirələrini yaşatmaq hər bir Azərbaycan vətəndaşının mənəvi borcudur. İllər keçsə də gələcək nəsillər onları hər zaman böyük minnətdarlıq hissi ilə yad edəcəklər.
Allah bütün şəhidlərimizə rəhmət eləsin!