Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 23)-385-31-32 , (+994 23)-385-26-80

Mucuq kəndində təbii qaz açılışı təntənəsi

13 may 2025 | 10:20
Mucuq kəndində təbii qaz açılışı təntənəsi
Ölkə əhalisinin sosial müdafiəsinin gücləndirilməsi, vətəndaşların rifah halının yaxşılaşdırılması aparılan sosial-iqtisadi siyasətin mühüm prioritetlərindən biridir.
Ölkədə, o cümlədən Qusar rayonu ərazisində şəhər və kənd yaşayış məntəqələrinin qazlaşdırılması və əhalinin təbii qazla təchizatının yaxşılaşdırılması istiqamətində ardıcıl tədbirlər görülür.
Azərbaycan Respublikasının ümumilli lideri Heydər Əliyevin anadan olmasının 102-ci ildönümü ərəfəsində rayonda nəzərdə tutulan silsilə tədbirlərin davamı olaraq, may ayının 12-də Qusar rayonunun Mucuq kəndinə təbii qazın verilməsi ilə bağlı tədbir baş tutmuşdur. Tədbirdə Qusar Rayon İcra Hakimiyyətinin başçısı Sahir Məmmədxanov, Milli Məclisin deputatı Azər Badamov, Azəriqaz İstehsalat Birliyinin regional Qİİ-nin və podratçı təşkilatın, eləcə də rayonun idarə və müəssisə rəhbərləri, kənd sakinləri iştirak etmişdir.
Tədbirdən əvvəl Mucuq kəndində şəhidlərin xatirə abidəsi ziyarət olunub, önünə gül-çiçək dəstələri düzülərək, respublikamızın ərazi bütövlüyü uğrunda canlarından keçmiş şəhidlərimizin xatirəsi ehtiramla yad edilib.
Tədbiri giriş sözü ilə açan Qusar Rayon İcra Hakimiyyətinin başçısı Sahir Məmmədxanov bu əlamətdar gün münasibətilə kənd sakinlərini təbrik edib. Ölkəmizdə, eləcə də Qusar rayonunda əhalinin mavi yanacağa olan tələbatının ödənilməsi sahəsində görülmüş tədbirlər haqqında ətraflı məlumat verən rayon rəhbəri müstəqil Azərbaycanın hərtərəfli inkişafı və xalqımızın firavan yaşayışı, əhalinin sosial vəziyyətinin yaxşılaşdırılmasına, göstərilən qayğıya görə cənab Prezident İlham Əliyevə minnətdarlığını bildirib.
Mucuq kəndinin sakinlərini təbrik edən Milli Məclisin deputatı Azər Badamov mövcud iqtisadi inkişafın, hərtərəfli tərəqqinin və əhalinin gündən-günə yaxşılaşan rifah halının ölkə rəhbərliyi tərəfindən aparılan uğurlu islahatların nəticəsi olduğunu qeyd edib.
“Azəriqaz” İstehsalat Birliyinin Xaçmaz Regional Qaz İstismarı İdarəsinin rəisi Azər Abbasov və podratçı təşkilatın rəhbəri Oruc Rüstəmov kənd sakinlərini bu əlamətdar gün münasibətilə təbrik edib, əhalinin təbii qazla təminatının yaxşılaşdırılması istiqamətində tədbirlərin bundan sonra da uğurla davam etdiriləcəyini bildiriblər. Qeyd edilib ki, ümumilikdə 305 abonenti olan Mucuq kəndinin qazlaşdırılması üçün 5.8 km daşıyıcı, 18.5 km məhəllədaxili olmaqla müxtəlif diametrli cəmi 24.4 km uzunluğunda qaz xətti çəkilib.
Açılış mərasimində çıxış edən kənd sakinləri Mucuq kəndinə təbii qazın verilişinin onlar üçün əsl bayram təntənəsi olduğunu vurğulayıb, onlara göstərilən diqqət və qayğıya, uzun müddətdir əziyyət çəkdikləri problemin həllinə görə ölkə başçısına, rayon rəhbərliyi və digər aidiyyəti qurumların rəhbərlərinə minnətdarlıqlarını bildiriblər.
Daha sonra şəhid atası Camal Heydərova evinin qazlaşdırılması layihəsi təqdim olunub. Qusar Rayon İcra Hakimiyyətinin başçısı cənab Sahir Məmmədxanov və şəhid atası Camal Heydərov tərəfindən mavi yanacağın verilişini bildirən rəmzi məşəl alovlandırılıb. Tədbir rayon Mədəniyyət Mərkəzinin kollektivinin təqdimatında musiqi nömrələri ilə davam etdirilib.
Rayon rəhbərliyinin iştirakı ilə kənddə ilk mavi yanacaq şəhid Şair Heydərovun atası Camal Heydərovun mənzilində yandırılıb. Çay süfrəsi ətrafında davam edən söhbət zamanı icra başçısı şəhid ailəsinin qayğıları ilə maraqlanıb.
Keçidlər