Mucuqoba kəndində RİH başçısının səyyar qəbulu keçirilmişdir
11 dekabr 2025 | 17:47
Qusar Rayon İcra Hakimiyyətinin başçısı Sahir Məmmədxanov rayonun Mucuqoba kəndində vətəndaşların səyyar qəbulunu keçirmişdir. Qəbulda həmçinin RİH başçısı Aparatının məsul əməkdaşları, rayonun hüquq-mühafizə orqanlarının, idarə, müəssisə, xidmət sahələrinin rəhbərləri, kənd sakinləri iştirak ediblər.
Mucuqoba kənd sakinləri kənddə suvarma suyunun azlığının onlara təsərrüfat işlərində çətinlik yaratdığını qeyd edib, həmçinin şagird sayının az olması səbəbindən kənd məktəbinin fəaliyyətini dayandırdığını və məktəb yaşlı uşaqların daşınması üçün avtobus ayrılmadığından onların qonşu kənd məktəbinə getməkdə çətinlik çəkdiklərini bildiriblər.
Sakinləri narahat edən bu və digər problemlərin həlli istiqamətində aidiyyəti üzrə tapşırıqlar verən icra başçısı müsbət həll üçün bütün mümkün tədbirlərin görüləcəyini bildirib. Yerlərdə əhalini narahat edən problemlərin öyrənilməsi və həlli məqsədilə mütəmadi olaraq səyyar qəbulların keçirilməsini təqdirəlayiq hal kimi qiymətləndirən kənd sakinləri onlara göstərilən diqqət və qayğıya görə rayon rəhbərliyinə minnətdarlıqlarını bildiriblər.






