Multikultural dəyərlərin təşviqinə dair tədbir: Dini dözümlülük və insan hüquqları müzakirə olundu
20 may 2025 | 18:33
Azərbaycan dünyada dini tolerantlığın nümunəvi modeli kimi tanınır və bu istiqamətdə Qusar rayonu öz multikultural ənənələri ilə seçilir. Burada müxtəlif etnik və dini icmalar əsrlər boyu qarşılıqlı hörmət və tolerantlıq şəraitində yaşamışlar. Bu harmonik birgəyaşayış Qusar rayonunun sosial-mədəni simasının ayrılmaz hissəsinə çevrilmişdir. Məhz bu səbəbdən multikultural dəyərlərin qorunması və inkişaf etdirilməsi istiqamətində aparılan maarifləndirmə işi xüsusi əhəmiyyət kəsb edir.
Mayın 20-də Qusar rayonunun Şirvanlı kənd tam orta məktəbində Qusar Rayon İcra Hakimiyyətinin dəstəyi, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Quba-Xaçmaz Regional bölməsinin, Quba-Xaçmaz Regional Təhsil İdarəsinin birgə təşkilatçılığı ilə “Dini dözümlülük və insan hüquqları” mövzusunda seminar keçirilib.
Bu istiqamətdə keçirilən tədbirlər dini etiqad azadlığının təşviqi, fərqli dini və etnik mənsubiyyətə aid vətəndaşlar arasında qarşılıqlı anlaşmanın gücləndirilməsi, multikultural dəyərlərin dərinləşməsi, tolerantlıq ənənələrinin möhkəmləndirilməsi, habelə insan hüquqlarının qorunması ilə bağlı ictimai maarifləndirmə işinin aparılması baxımından mühüm əhəmiyyət kəsb edir.
Tədbir çərçivəsində insan hüquqları, vicdan azadlığı və dini etiqad hüququnun beynəlxalq və milli hüquq sistemindəki yeri və hüquqi əsasları barədə şagirdlərə ətraflı məlumat verilib. Dini müxtəlifliyin cəmiyyətin mənəvi zənginliyi olduğunu vurğulayan çıxışçılar dini radikalizm və ekstremizmə qarşı mübarizədə cəmiyyətin, xüsusən gənclərin maarifləndirilməsinin əhəmiyyəti məsələsinə toxunublar. Qeyd edilib ki, dini dözümlülük yalnız hüquqi mexanizmlərlə deyil, eyni zamanda ictimai şüurun formalaşdırılması ilə möhkəmləndirilməlidir.
Sonda məktəblilərin tolerantlıq, birgəyaşayış mədəniyyəti, insan hüquqlarının qorunması mövzularında sualları cavablandırılıb.






