Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 23)-385-31-32 , (+994 23)-385-26-80

“Multikulturalizm və dini harmoniyanın hüquqi əsasları” mövzusunda maarifləndirici tədbir keçirilib

04 iyun 2026 | 12:40
 
Azərbaycan tarixən müxtəlif mədəniyyətlərin, dinlərin bir arada dinc yaşadığı unikal coğrafiya olub. Multikulturalizm və tolerantlıq prinsipləri Azərbaycanda dövlət siyasətinin strateji istiqaməti kimi formalaşıb və bu siyasətin hüquqi əsasları Konstitusiyamızdan başlayaraq bir sıra qanun və dövlət proqramlarında öz əksini tapıb. Bu dövlət siyasətinin yerlərdə həyata keçirilməsinin əsas istiqamətlərindən biri də gənc nəslin bu sahədə düzgün tərbiyəsidir. Bu məqsədlə rayonun ümumtəhsil müəssisələrində mütəmadi olaraq maarifləndirici tədbirlər təşkil olunur.
İyunun 2-də İnsan Hüquqları Aylığı çərçivəsində rayonun Balaqusar kənd tam orta ümumtəhsil məktəbində Qusar Rayon İcra Hakimiyyəti, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Quba-Xaçmaz Regional Bölməsi, İnsan Hüquqları üzrə Müvəkkilin Şimal Regional Mərkəzi və Qusar Rayonu üzrə Təhsil Sektorunun birgə təşkilatçılığı ilə “Multikulturalizm və dini harmoniyanın hüquqi əsasları” mövzusunda maarifləndirici tədbir keçirilib.
Tədbirdə Dövlət Komitəsinin Quba-Xaçmaz Regional Bölməsinin müdiri Elnur Ağasiyev, İnsan Hüquqları üzrə Müvəkkilin Şimal Regional Mərkəzinin rəhbəri Bəhruz Əfəndiyev, Qusar Rayon İcra Hakimiyyətinin İctimai-siyasi və humanitar məsələlər sektorunun müdiri Kamran Sədullayev, məktəbin direktoru Babacan Zəkiyev, məktəbin pedaqoji heyəti və şagirdlər iştirak etmişdir.
Mövzu ətrafında edilən çıxışlarda vurğulanıb ki, Azərbaycanda tolerantlıq və multikulturalizm prinsipləri dövlət siyasətinin təməl istiqamətlərindən biridir. Qeyd olunub ki, Azərbaycan dövlətinin bu sahədə həyata keçirdiyi ardıcıl və uğurlu siyasət ölkəmizi dünyada multikulturalizmin nümunəvi modeli kimi tanıdır. Tədbirdə Azərbaycan Respublikasının Konstitusiyası, “Dini etiqad azadlığı haqqında” Qanun və digər normativ hüquqi aktlara istinad edilərək, dini və milli mənsubiyyətindən asılı olmayaraq hər bir vətəndaşın bərabər hüquqlara malik olduğu diqqətə çatdırılıb. Bildirilib ki, ölkəmizdə hökm sürən dini və milli həmrəylik təsadüfi deyil. Bu, əsrlər boyu formalaşmış dövlətçilik ənənələrinin, qarşılıqlı hörmət mədəniyyətinin və dövlətin apardığı məqsədyönlü siyasətin nəticəsidir. Azərbaycan xalqının milli birliyinin möhkəmlənməsində və dini vəhdətin yaranmasında mənəvi dəyərlərimizin yeri danılmazdır. Eyni zamanda qeyd edilib ki, Azərbaycan İlahiyyat İnstitutu və Bakı İlahiyyat Kolleci yüksək dini təhsil verməklə yanaşı, dinlə elm arasında tarazlığı qoruyaraq, cəmiyyətə savadlı kadrlar yetişdirir.
Tədbirdə iştirakçıların mövzu ilə bağlı sualları cavablandırılıb.
Keçidlər