“Narkomaniyaya qarşı mübarizə hər kəsin işidir” mövzusunda dəyirmi masa keçirilib
18 iyun 2026 | 17:33
Narkomaniya müasir dövrün ən təhlükəli sosial bəlalarından biridir. Ona qarşı mübarizə isə bütün cəmiyyətin ortaq məsuliyyətidir. Qusar rayonunda mütəmadi olaraq bu sahədə maarifləndirmə tədbirləri keçirilir.
İyunun 16-da Quba-Xaçmaz Regional Mədəniyyət İdarəsi Qusar Rayon Mədəniyyət Mərkəzinin və bir neçə filialının təşkilatçılığı ilə Qusar rayonunun Nəcəfkənd kənd klubunda “Narkomaniyaya qarşı mübarizə hər kəsin işidir” mövzusunda dəyirmi masa keçirilib. Tədbirdə Həzrə Polis Bölməsinin rəisi, inzibati ərazi dairəsi üzrə icra nümayəndəsi və bələdiyyə sədri, şəhid ailəsinin üzvləri, təhsil, səhiyyə, mədəniyyət sahəsinin əməkdaşları, habelə yeniyetmə və gənclər iştirak ediblər. Tədbirdən əvvəl Nəcəfkənd kəndində şəhidlərin xatirə lövhəsi ziyarət edilib. Tədbir Ümummilli Lider Heydər Əliyevin və Vətən uğrunda canlarını qurban vermiş şəhidlərimizin xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlanıb.
Çıxışlarda qeyd olunub ki, dövlət səviyyəsində narkotik vasitələrin qanunsuz dövriyyəsinə və narkomaniyanın yayılmasına qarşı ardıcıl və sistemli mübarizə aparılır. Prezident İlham Əliyevin təsdiqlədiyi Dövlət Proqramı çərçivəsində bu sahədə maarifləndirmə, profilaktika və reabilitasiya məqsədilə konkret tədbirlər həyata keçirilir. Vurğulanıb ki, narkomaniyaya qarşı mübarizə yalnız dövlətin deyil, hər bir vətəndaşın borcudur və bu işdə ictimai həmrəylik həlledici rol oynayır.
Dəyirmi masa formatında keçirilən görüşdə iştirakçılar təhsil müəssisələrində, mədəniyyət ocaqlarında aparıla biləcək profilaktik tədbirlər barədə təkliflər səsləndiriblər. Sonda mövzu ətrafında suallar cavablandırılıb, qarşılıqlı fikir mübadiləsi aparılıb. İştirakçılar belə görüşlərin mütəmadi keçirilməsinin ictimai maariflənmə baxımından əhəmiyyətini qeyd ediblər.






