Nazir Fərid Qayıbov Qusarda vətəndaş qəbulu keçirib
14 mart 2025 | 18:47
Azərbaycan Respublikasının gənclər və idman naziri Fərid Qayıbov martın 14-də Qusarda vətəndaşları qəbul edib. Qusar rayon Olimpiya İdman Kompleksində baş tutan görüşdə Qusar və Quba rayonlarının sakinləri iştirak ediblər.
Qəbuldan öncə nazir Fərid Qayıbov Qusar Rayon İcra Hakimiyyətinin başçısı Sahir Məmmədxanovla birlikdə Qusar şəhərində ümummilli lider Heydər Əliyevin abidəsini ziyarət edib, önünə gül dəstələri qoyub, xatirəsini ehtiramla yad ediblər.
Qəbul zamanı vətəndaşlar gənclər və idman sahələri ilə bağlı müraciətlərini ünvanlayıblar, onlar üçün yaradılmış şəraitdən razılıqlarını bildiriblər. Bir sıra müraciətlər yerindəcə həllini tapıb. Araşdırılması tələb edilən məsələlər isə aidiyyəti qurumlara göndərilməsi üçün nəzarətə götürülüb.
Qəbuldan sonra gənclər və idman naziri Qusar rayon Peşə Liseyində gənclərlə görüşüb, məktəbin cari vəziyyəti ilə tanış olub, şagirdlərin dərsdən sonrakı fəaliyyəti ilə maraqlanıb, onların təklif və arzularını dinləyib, suallarını cavablandırıb, müxtəlif mövzularda fikir mübadiləsi aparıb.
Gənclər rayon ərazisində asudə vaxtlarını səmərəli keçirə biləcəkləri yerlərin, o cümlədən stadion və şahmat klubunun olmamasının onların hərtərəfli inkişafına maneə yaratdığını qeyd ediblər. Peşə Liseyində təhsil aldıqları ixtisaslar haqqında məlumat verən şagirdlərin sualları cavablandırılıb, izahat və tövsiyələr verilib.