Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 23)-385-31-32 , (+994 23)-385-26-80

Nəğmələrdə yaşayan bəstəkar – Elza İbrahimova

10 yanvar 2026 | 13:23
Azərbaycan musiqi mədəniyyətinin parlaq ulduzlarından biri, Azərbaycan musiqisinin inkişafına böyük töhfələr vermiş görkəmli bəstəkar Elza İbrahimova bu gün də dillər əzbəri olan əsərlərin müəllifidir. Vətən sevgisi, insanlara olan dərin məhəbbəti və incə zövqü onun musiqisində özünü açıq-aydın göstərir.
Azərbaycan Respublikasının və Dağıstanın xalq artisti Elza İbrahimova 1938-ci il yanvarın 10-da Hacıqabul şəhərində anadan olmuş, uşaqlıqdan musiqiyə olan məhəbbəti valideynləri tərəfindən dəstəklənmişdir. Bakıda 8 saylı musiqi məktəbini, 1957-ci ildə Asəf Zeynallı adına orta ixtisas musiqi məktəbinin bəstəkarlıq sinfini, 1964-cü ildə isə Üzeyir Hacıbəyov adına Azərbaycan Dövlət Konservatoriyasının bəstəkarlıq şöbəsini bitirmişdir. Uşaq yaşlarından musiqi alətləri ilə tanışlıq və bu sahədə təhsil alması onun yaradıcılıq potensialının formalaşmasında mühüm rol oynamışdır.
1969-cu ildə Məmməd Rahimin sözlərinə bəstələdiyi "Yalan ha deyil" mahnısı ilə musiqi dünyasına qədəm qoymuş Elza İbrahimova, Azərbaycanda tanqo ritmini estradaya gətirən ilk bəstəkarlardan biri kimi tanınır.
Bəstəkar yalnız estrada janrı ilə kifayətlənməyib, həm də fortepiano və orkestr üçün üçhissəli konsert, "Afət", "Şeyx Şamil", Qarabağ faciəsini əks etdirən, muğam üzərində yazılmış "Yanan laylalar" operaları, həmçinin Azərbaycanda neft sənayesinin 130 illiyi münasibətilə “Neftçilər” himnini, o cümlədən milli qəhrəmanlarımız Təbriz Xəlilbəyliyə, Salatın Əsgərovaya həsr etdiyi rekviyemləri, "20 Yanvar", "Qarabağ", "Şəhid qardaş", "Səngərlər" əsərlərini bəstələmişdir. Onun yaradıcılığı həm romanslar, həm sonatalar, həm də kvartetlər daxil olmaqla geniş diapazonu əhatə edir. Rəşid Behbudovun ifasında səslənən "Ey Vətən" əsəri isə dünya səviyyəsində Azərbaycanı təmsil edən nadir musiqi nümunələrindən biridir.
Elza İbrahimovanın əsərlərində vətənpərvərlik, insanlara məhəbbət, sevgi və təbiət mövzuları ustalıqla birləşir. Azərbaycan və Qərb musiqisinin uğurlu sintezi, sərbəstlik və novatorluq onun yaradıcılığının əsas xüsusiyyətləridir. Xalq şairi Bəxtiyar Vahabzadə Elza İbrahimovanın yaradıcılığını "mahnı janrında lövhə ustası" kimi qiymətləndirmişdir.
Elza İbrahimovanın müəllifi oluğu “Ey Vətən”, "Bilməzdim", "Gecələr bulaq başı", "Qurban verərdim", "Gəl barışaq", "Mehribanım", "Yoxluğunu bilə-bilə", "Sən yadıma düşəndə", “Təki sən səslə məni”, “Sən bir nəğmə, mən bir nəğmə”, “Bakının işıqları”, “Gedək üzü küləyə” və digər mahnıları hələ də sevilərək ifa olunur və dinlənilir.
Görkəmli bəstəkar dövlətin ən yüksək fəxri adlarına layiq görülmüşdür. 1992-ci ildə Azərbaycan Respublikasının əməkdar incəsənət xadimi, 2008-ci ildə isə xalq artisti adına layiq görülmüşdür. Elza İbrahimova uzun sürən xəstəlikdən sonra 11 fevral 2012-ci ildə 74 yaşında vəfat etmiş, İkinci Fəxri Xiyabanda dəfn olunmuşdur. Azərbaycan Respublikası Prezidentinin 2017-ci il 22 dekabr tarixli Sərəncamına əsasən bəstəkarın anadan olmasının 80 illik yubileyi dövlət səviyyəsində qeyd edilmişdir.
Azərbaycan musiqisinin inkişafına və peşəkar bəstəkarlıq məktəbinin formalaşmasına dəyərli töhfələr vermiş görkəmli bəstəkar Elza İbrahimovanın müəllifi olduğu yaradıcılıq nümunələri bu gün də sevilərək ifa edilir, dinlənilir.
 
 
 
 
 
Keçidlər