Növbəti səyyar qəbul Yeni Tahircal kəndində baş tutub
12 avqust 2025 | 18:36
Avqustun 12-də Qusar Rayon İcra Hakimiyyətinin başçısı cənab Sahir Məmmədxanov rayonun Yeni Tahircal kəndində vətəndaşların səyyar qəbulunu keçirib. Qəbulda həmçinin RİH başçısı Aparatının məsul əməkdaşları, rayonun idarə, müəssisə rəhbərləri, kənd sakinləri iştirak ediblər.
Qəbul zamanı kənd sakinləri mövcud infrastruktur problemləri barədə məlumat veriblər. Onlar xüsusilə elektrik təsərrüfatı ilə bağlı çətinlikləri diqqətə çatdıraraq qeyd ediblər ki, mövcud xətlərdə gərginlik aşağıdır, bu səbəbdən kənddə elektrik təchizatında fasilələr yaranır. Sakinlər əlavə transformatorun quraşdırılması, köhnə və qəzalı vəziyyətdə olan elektrik dirəklərinin yenilənməsi və naqillərin dəyişdirilməsi, fərdi yaşayış evinə qaz xəttinin çəkilməsi ilə bağlı müraciətlərini ediblər. Bundan başqa, kənddaxili yolların təmiri məsələsi də gündəmə gətirilib.
Səyyar qəbulda səslənən bütün müraciətlər qeydə alınıb, bir sıra məsələlərin həlli üçün aidiyyəti qurumların rəhbərlərinə tapşırıqlar verilib.
Əhali ilə mütəmadi görüşlərin keçirilməsini təqdirəlayiq hal kimi qiymətləndirən kənd sakinləri onlara göstərilən diqqət və qayğıya, görüş və qəbullarda qaldırılan məsələlərin həlli istiqamətində görülən işlərə görə rayon rəhbərliyinə minnətdarlıqlarını bildiriblər.






