Növbəti səyyar vətəndaş qəbulu rayonun Gilahoba kəndində keçirilib
13 avqust 2026 | 09:26
Vətəndaşların müraciətlərinin yerində araşdırılması, sakinlərin problem və təkliflərinin dinlənilməsi məqsədilə rayon icra hakimiyyətinin başçısı tərəfindən rayonun yaşayış məntəqələrində mütəmadi olaraq səyyar vətəndaş qəbulları keçirilir. Növbəti səyyar qəbul avqustun 12-də rayonun Gilahoba kəndində baş tutmuşdur.
Rayon icra hakimiyyətinin başçısının, RİHB Aparatının məsul şəxslərinin, hüquq-mühafizə orqanlarının, idarə, müəssisə, xidmət sahələrinin rəhbərlərinin iştirakı ilə keçirilmiş səyyar qəbulda sakinlər təklif və müraciətlərini rayon rəhbərinin diqqətinə çatdırıblar.
Sakinlərin əsas müraciəti kəndin təbii qazla təchizatı ilə bağlı olub. Bildirilib ki, hazırda əhali məişət və istilik ehtiyaclarını odun hesabına ödəyir. Lakin yanacaq odununun qiymətinin və tədarükünün yüksək olması ailələrin büdcəsinə ciddi yük yaradır. Sakinlər kəndin qazlaşdırılmasının həm onların yaşayış şəraitini yaxşılaşdıracağını, həm də ətraf mühitin qorunmasına töhfə verəcəyini bildirərək bu istiqamətdə zəruri tədbirlərin görülməsini xahiş ediblər. İstismar müddətini başa vurmuş elektrik xəttləri və dirəklərinin dəyişdirilməsi məsələsi də sakinlərin müraciətləri sırasında yer alıb. Səyyar qəbulda ictimai nəqliyyatın fəaliyyəti ilə bağlı da təklif səsləndirilib. Sakinlər şəhər ərazisində fəaliyyət göstərən avtobuslarda dayanacaqların səsli şəkildə elan olunmasını təklif ediblər.
Rayon icra hakimiyyətinin başçısı səsləndirilən bütün müraciət və təklifləri diqqətlə dinləyib, qaldırılan məsələlərin mərhələli şəkildə həlli ilə bağlı müvafiq tapşırıqlarını verib. Kənd sakinlərinin təsərrüfat vəziyyəti, məşğulluğu və kənddə fəaliyyət göstərən ibtidai məktəbin fəaliyyəti ilə maraqlanan icra başçısı sakinlərə rayon ərazisində həyata keçirilən infrastruktur layihələri barədə də ətraflı məlumat verib. İcra başçısı qeyd edib ki, hazırda rayonun elektrik təsərrüfatının yenidən qurulması və yaşayış məntəqələrinin qazlaşdırılması istiqamətində genişmiqyaslı işlər aparılır. Belə ki, hazırda rayonun Avaran və Mucuq kəndlərində evlərin qaz xəttinə qoşulması və daha 5 kəndin qazlaşdırılması istiqamətində podratçı təşkilatlar tərəfindən işlər həyata keçirilir. İcra başçısı vurğulayıb ki, rayonun yaşayış məntəqələrinin dövlət proqramına uyğun olaraq qrafik əsasında növbəlilik qaydasında qazlaşdırılması işləri mərhələli şəkildə həyata keçirilir.






