Prokurorluq işçiləri peşə bayramını qeyd edir
Ümumilli lider Heydər Əliyevin 1998-ci il 17 iyul tarixli Sərəncamı ilə milli prokurorluq orqanlarının yarandığı gün oktyabr ayının 1-I “Prokurorluq işçilərinin peşə bayramı günü” kimi qeyd olunur. Prokurorluq işçilərinin peşə bayramı gününün təsis edilməsi prokurorluq orqanlarına yüksək dövlət qayğısının ifadəsi olmaqla yanaşı, həm də prokurorluq işçilərinin fəaliyyətinə verilən böyük dəyərin təzahürüdür.
Azərbaycan Prokurorluğu çətin və şərəfli bir təkamül yolu keçməklə, bu gün öz doğma xalqının və müstəqil dövlətinin hərtərəfli dəstəyinə arxalanan, milli ənənələrə və mütərəqqi dünya standartlarına uyğun şəkildə daim təkmilləşməklə sivil və dünyəvi bir quruma çevrilən, dövlətçilik ideyalarına sarsılmaz inam nümayiş etdirməklə fəal vətəndaşlıq mövqeyində dayanan mühüm bir təsisat kimi dövlətçiliyimizin maraqlarının və qanunun aliliyinin təmin edilməsi, cinayətkarlığa qarşı mübarizə aparılması, vətəndaşların hüquqlarının müdafiəsi işində cəmiyyətin etimadını qazanmış dövlət qurumu kimi fəaliyyət göstərir.
Qusar Rayon İcra Hakimiyyəti Aparatı bu əlamətdar gün münasibətilə Prokurorluq orqanlarının əməkdaşlarını təbrik edir, dövlətimizin tərəqqisi naminə xidməti fəaliyyətlərində uğurlar arzu edir. İcra Hakimiyyəti Azərbaycan Prokurorluğunun əməkdaşlarının bundan sonra da qanunun aliliyini, insan hüquq və azadlıqlarının etibarlı müdafiəsini təmin edəcəyinə, cinayətkarlığa qarşı mübarizədə əzmkarlıq nümayiş etdirəcəyinə əminliyini ifadə edir.