Qayakənd kəndində vətəndaşların səyyar qəbulu keçirilib
07 avqust 2025 | 18:32
Regionların sosial-iqtisadi inkişafı və mövcud problemlərin həlli məqsədilə keçirilən səyyar qəbul-görüşlər Qusar rayonunda mütəmadi xarakter alıb. Avqustun 7-də Qusar Rayon İcra Hakimiyyəti başçısının Qayakənd kəndində səyyar qəbulu keçirilib.
Qəbulda Qusar Rayon İcra Hakimiyyəti başçısı Aparatının məsul əməkdaşları, rayonun hüquq-mühafizə orqanlarının, müvafiq idarə və müəssisələrin rəhbər şəxsləri, eləcə də kənd sakinləri iştirak ediblər.
Sakinlər ilk növbədə Qayakənd kəndindəki küçələrdən birinə şəhidin adının verilməsinə görə rayon rəhbərliyinə dərin təşəkkürlərini ifadə ediblər. Bildirilib ki, bu cür addımlar şəhidlərimizin xatirəsinin əbədiləşdirilməsi baxımından olduqca əhəmiyyətlidir.
Daha sonra kəndin mövcud infrastruktur ehtiyaclarına dair müxtəlif məsələlər səsləndirilib. Belə ki, kənddə ictimai nəqliyyatın fəaliyyət göstərmədiyi, bu səbəbdən sakinlərin rayon mərkəzinə və digər yaşayış məntəqələrinə gediş-gəlişində çətinliklər yaşandığı qeyd olunub. Kənddə içməli suyun azlığı və Qusarçay çayı üzərində piyada körpüsünün olmaması məsələləri gündəmə gətirilib.
Eyni zamanda, bəzi sakinlər torpaq sahəsi ilə təminatı, mövcud torpaq sahələrinin sənədləşdirilməsi prosesinə köməklik göstərilməsi, köhnə və qəzalı vəziyyətdə olan elektrik dirəklərinin yenilənməsi və digər sosial məsələlərlə bağlı müraciətlərini ediblər.
Səyyar qəbul zamanı hər bir müraciət diqqətlə dinlənilib, aidiyyəti qurumların rəhbərlərinə konkret tapşırıqlar verilib. Vətəndaşlara müraciətlərinin icra vəziyyəti barədə məlumat veriləcəyi və bəzi məsələlərin nəzarətə götürülərək mərhələli şəkildə həll ediləcəyi bildirilib.






