Qəhrəmanlar unudulmur!
24 oktyabr 2024 | 09:10
Vətən yolunda canlarını qurban verməkdən çəkinməyən şəhidlərimiz hər zaman qəlblərdə yaşayırlar. Onları yad etmək, xatirələrini yaşatmaq hər bir Azərbaycan vətəndaşının mənəvi borcudur. Torpaqlarımızın ərazi bütövlüyü uğrunda canlarından keçən igid oğullarımızın xatirəsi Qusar rayonunda da hər zaman əziz tutulur. Şəhidlərimizin ailə üzvlərinə, qazilərimizə olan qayğı həmişə yüksək səviyyədədir.
23 oktyabr 2024-cü il tarixdə Rayon İcra Hakimiyyətinin başçısı Sahir Məmmədxanov 44 günlük Vətən müharibəsi şəhidi Əhmədov Tural İzətulla oğlunun anım mərasimində iştirak edib. Mərasimdə həmçinin RİH aparatının məsul şəxsləri, şəhidlərimizin ailə üzvləri və qazilər iştirak ediblər. Əvvəlcə şəhidin məzarı ziyarət edilmiş, məzarı üzərinə gül dəstələri düzülərək xatirəsi sonsuz ehtiramla yad edilmişdir. Daha sonra tədbir iştirakçıları şəhidin doğulub boya-başa çatdığı evində verilən ehsan süfrəsində iştirak edib, ailəsinə dərin hüznlə başsağlığı veriblər.
Rayon İcra Hakimikyyətinin başçısı Sahir Məmmədxanov müqəddəs amal uğrunda şəhid olmaqla əbədiyyətə qovuşan şəhidimizə Allahdan rəhmət diləyib, ölkəmizin hər yerində olduğu kimi, rayonumuzda da şəhidlərimizin xatirələrinin əziz tutulduğunu, şəhid ailələrinin qayğı və problemlərinin həllinin qarşıda duran ən vacib vəzifələrdən biri olduğunu vurğulayıb. Şəhidin ailə üzvləri onlara göstərilən diqqət və qayğıya görə rayon rəhbərliyinə öz minnətdarlıqlarını bildiriblər.
Məlumat üçün bildirək ki, Azərbaycan Ordusunun əsgəri olmuş Əhmədov Tural İzətulla oğlu II Qarabağ müharibəsi zamanı Xocavəndin və Füzulinin azadlığı uğrunda gedən döyüşlərdə savaşıb, oktyabrın 23-də Füzuli döyüşləri zamanı şəhid olub. Ölümündən sonra “Cəsur döyüşçü medalı”, “Vətən uğrunda medalı”, “Füzulinin azad olunmasına görə medalı”, “Kəlbəcərin azad olunmasına görə medalı”, “Azərbaycan bayrağı” ordeni ilə təltif olunub.
Allah bütün şəhidlərimizə rəhmət eləsin!