Qeyri-islam dini icmalarının nümayəndələri Qusar rayonuna səfər ediblər.
Qusar rayon İcra Hakimiyyəti və Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin birgə təşkilatçılığı ilə 1918-ci ildə azərbaycanlılara qarşı törədilmiş soyqırımının 105-ci ildönümü ilə əlaqədar ölkəmizdə fəaliyyət göstərən qeyri-islam dini icmalarının üzvləri 2023-cü il mart ayının 27-də Qusar rayonuna səfər etmişlər. Səfər çərçivəsində qonaqlar Qusar şəhərinin gəzməli yerləri, rayonun turizm imkanları, mədəniyyəti, folkloru və tarixi ilə qısa şəkildə tanış olmuşlar. Qusar Rayon İcra Hakimiyyətinin başçısı Şair Alxasov Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədr müavini Səyavuş Heydərovu və səfər iştirakçılarının salamlamış, belə səfərlərin bölgələrin potensial imkanlarının təbliği və tanıdılması baxımından xüsusi əhəmiyyətini vurğulamışdır. Səfər çərçivəsində ilk öncə rayonun incəsənət və folklor kollektivlərinin çıxışları ilə tanış olan qonaqlar daha sonra Qusar Dövlət Rəsm Qalereyasını ziyarət ediblər. Qonaqlara Rəsm Qalareyasının fəaliyyəti, ekspozisiyası haqqında ətraflı məlumat verilib. Daha sonra səfər iştirakçıları Qusar şəhərinin mərkəzində Qubavə Qusar qəhrəmanlarının şərəfinə ucaldılmış abidəni ziyarət etmişlər. Qonaqlara 1918-ci ildə Qubanın Şimi dərəsi adlanan ərazisində erməni daşnaklarına qarşı aparılmış qanlı mübarizədə qəhrəmanlıq göstrəmiş, düşməni darmadağın edərək ağır məğlubiyyətə uğratmış qəhrəmanların şərəfinə ucaldılmış abidənin 2009-cu il sentyabr ayının 18-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev iştirak ilə açılışının olduğu bildirilmiş, eləcə də 1918-ci ildə Quba qəzasında erməni quldurları tərəfindən törədilmiş vəhşiliklər və onlara qarşı iki qardaş xalqın, azərbaycanlılar və ləzgilərin birgə mübarizəsi və qələbəsi haqqında ətraflı məlumat verilmişdir. Səfər qonaqların Şahdağ Turizm Mərkəzi ilə tanışlığı ilə başa çatmışdır.