Qış mövsümünə hazırlıqla bağlı vəziyyət müzakirə edilib
04 dekabr 2024 | 18:55
30 sentyabr 2024-cü il tarixində RİHB yanında Şurada qış mövsümünə hazırlıqla bağlı vəziyyət müzakirə edilmişdir. Şuranın iclasının qərarı ilə bəzi sahələrdə qalmaqda olan çatışmazlıqların aradan qaldırılması üçün aidiyyəti müəssisə və təşkilat rəhbərlərinə tövsiyələr verilmişdir.
Dekabr ayının 3-də keçirilmiş iclasda bu məsələ yenidən müzakirə olunmuşdur. İclasda RİHB Aparatının məsul işçiləri, təhsil, səhiyyə, şəhər nümayəndəliyinin, xidmət sahələrinin, mənzil-kommunal idarələrinin rəhbərləri iştirak ediblər.
Qarşıdan gələn qış mövsümünə hazırlıq işlərinin aparılması Rayon İcra Hakimiyyəti və digər aidiyyəti qurumların diqqət mərkəzində saxlanılır. Məsələnin vacibliyini nəzərə alaraq bu sahədə qarşıda duran vəzifələr, görülən işlər RİH başçısı yanında Şuranın iclaslarında müzakirə edilir.
İclasda idarə, müəssisə rəhbərləri tərəfindən qış mövsümünə hazırlıqla əlaqədar görülən və görülməsi nəzərdə tutulan işlər barədə məlumat verilib.
Qış mövsümündə çoxmənzilli yaşayış binaları və idarə, müəssisələrin inzibati binalarının, o cümlədən təhsil və səhiyyə ocaqlarının isidilməsində hər hansı problemin yaşanmaması üçün qazanxanalarda təmir işlərinin aparıldığı, yararsız və korroziyaya uğramış qaz xətlərinin yenisi ilə əvəz olunduğu, qaz tənzimləyicilərin saz vəziyyətə gətirildiyi qeyd olunub.
Qusar Elektrik şəbəkəsi tərəfindən əhalinin dayanıqlı, fasiləsiz elektrik enerjisi ilə təmin edilməsi istiqamətində işlər görülmüşdür. Elektrik xətləri və dirəklərinin dəyişdirilməsi istiqamətində işlərin aparılması, elektrik təsərrüfatının istismar vəziyyətinin yoxlanılaraq mövcud problemlərin aradan qaldırılması, elektrik xətlərinin qış mövsümündə yüklənməyə tam hazır vəziyyətdə olması, yanğın törədə biləcək amillərin qarşısının alınması yarana biləcək problemlərin minimuma endirilməsi məqsədinə xidmət edir.
Yol İstismarı Sahəsi tərəfindən payız-qış mövsümündə avtomobillərin təhlükəsiz hərəkətinin təmin edilməsi üçün qum-duz qarışığının tədarükünün görüldüyü, avtomobil yollarının qar və buzdan təmizlənməsində iştirak edəcək texnikanın tam saz vəziyyətdə olduğu qeyd olunub.
Qusar Kommunal Müəssisələri Kombinatı tərəfindən şəhər ərazisində ağaclar budanmış, arxlar təmizlənərək park və meydançalarda təmizlik işləri aparılmışdır.
Müxtəlif yanacaq növləri işləyən təhsil müəssisələri üçün yanacaq odunun ayrılması, dizel yanacağı ilə təmin edilməsi istiqamətində işlər aparılıb.
Rayon Mərkəzi Xəstəxanası tərəfindən də payız-qış mövsümü ilə əlaqədar normal iş şəraitinin təmin edilməsi istiqamətində işlər görülüb.
İclasın sonunda qış mövsümünə hazırlıqla bağlı yarımçıq qalmış işlərin qısa müddətdə başa çatdırılması üçün aidiyyəti qurumlara tapşırıq və tövsiyələr verilib.