Qusar Dövlət Aqrar İnkişaf Mərkəzində Zəfər Gününə həsr olunmuş tədbir keçirilib
04 noyabr 2026 | 18:10
Noyabrın 3-də Qusar Dövlət Aqrar İnkişaf Mərkəzində 8 Noyabr – Zəfər Gününə həsr olunmuş “Zəfərimiz – milli qürurumuzdur” mövzusunda tədbir keçirilib.
Tədbirdə 44 günlük Vətən müharibəsinin tarixi əhəmiyyəti, Azərbaycan Ordusunun döyüş meydanında göstərdiyi qəhrəmanlıq, xalqımızın nümayiş etdirdiyi birlik və həmrəylik, eləcə də qazanılan Qələbənin ölkəmizin gələcək inkişafı baxımından əhəmiyyəti diqqətə çatdırılıb.
Tədbiri giriş sözü ilə açan Mərkəzin direktoru Rauf Minhacov 2020-ci il sentyabrın 27-də başlayan Vətən müharibəsinin xalqımızın uzun illər davam edən torpaq həsrətinə son qoyduğunu, Azərbaycanın ərazi bütövlüyünün bərpası ilə nəticələndiyini bildirib. O, Azərbaycan Ordusunun döyüş meydanında nümayiş etdirdiyi yüksək peşəkarlıq və qəhrəmanlığın, xalqımızın vahid amal ətrafında birləşməsinin Qələbənin əldə olunmasında mühüm rol oynadığını vurğulayıb. Çıxışında Vətən uğrunda canlarından keçən şəhidlərin fədakarlığını xüsusi qeyd edən Rauf Minhacov onların əziz xatirəsinin daim ehtiramla anılacağını və göstərdikləri qəhrəmanlığın gələcək nəsillər üçün örnək olduğunu bildirib.
Daha sonra çıxış edən Mərkəzin əməkdaşları Vətən müharibəsinin xalqımızın həyatında yaratdığı tarixi dönüşdən, Qələbənin arxasında dayanan ümumxalq həmrəyliyindən və bu Zəfərin hər bir azərbaycanlı üçün daşıdığı mənəvi əhəmiyyətdən bəhs ediblər. Qeyd olunub ki, müharibə dövründə ön və arxa cəbhədə nümayiş etdirilən birlik, qarşılıqlı dəstək və Vətənə bağlılıq Qələbəyə aparan əsas amillərdən olub.
Tədbirin sonunda mövzu ilə bağlı qısametrajlı videoçarx nümayiş etdirilib.






