Qusar məktəblərində Ulu Öndər Heydər Əliyev irsi və azərbaycançılıq ideyasının təbliği istiqamətində maarifləndirici tədbirlər davam etdirilir
28 oktyabr 2026 | 16:37
Ulu Öndər Heydər Əliyev irsinin təbliği və gənc nəslə dərindən öyrədilməsi milli tərbiyə işinin ayrılmaz tərkib hissəsidir. Qusar rayonunda bu istiqamətdə maarifləndirici tədbirlər davam etdirilir.
Oktyabrın 27-də Qusar şəhər 6 saylı tam orta ümumtəhsil məktəbində “Azərbaycançılıq ideologiyası və Heydər Əliyev irsi” mövzusunda tədbir keçirilib. Tədbirdə azərbaycançılıq ideologiyasının müstəqil dövlətin ideya əsaslarının möhkəmləndirilməsində, milli maraqların qorunmasında və cəmiyyətin həmrəyliyinin təminində oynadığı həlledici roldan, Ümummilli Liderin siyasi fəaliyyətində milli dövlətçilik məfkurəsinin inkişafı, tarixi-mədəni irsin qorunması və milli özünüdərkin gücləndirilməsi xəttinin aparıcı yer tutmasından, onun müəyyənləşdirdiyi dövlətçilik strategiyasının azərbaycançılıq ideyasını ümummilli mahiyyət daşıyan birləşdirici prinsip kimi möhkəmləndirməsindən geniş bəhs edilib. Bununla yanaşı, müzakirələrdə Heydər Əliyev irsinin yalnız tarixi-siyasi əhəmiyyəti ilə məhdudlaşmadığı, eyni zamanda müasir gəncliyin vətəndaşlıq mövqeyinin formalaşmasında canlı məktəb rolunu oynadığı diqqətə çatdırılıb.
Eyni gün Həsənqala kənd tam orta ümumtəhsil məktəbində təşkil olunan “Heydər Əliyev irsi və Azərbaycan dilinə dövlət qayğısı” mövzusunda tədbirdə şagirdlərə Ulu Öndər Heydər Əliyevin müstəqilliyin ilk illərindən dövlət quruculuğunun müxtəlif sahələrində həyata keçirdiyi taleyüklü tədbirlər, onun zəngin irsinin dövlətçilik baxımından əhəmiyyəti barədə ətraflı məlumat verilib, dilə dövlət qayğısı sahəsində görülən işlər ardıcıl şəkildə izah olunub. Xüsusilə Azərbaycan dilinin Konstitusiyada dövlət dili kimi təsbit edilməsi, 2001-ci ildə “Dövlət dilinin tətbiqi işinin təkmilləşdirilməsi haqqında” Fərmanın imzalanması, ədəbi dil normalarının qorunması, nitq mədəniyyətinin inkişafı və ana dilinin milli varlığın daşıyıcısı kimi təbliği kimi məsələlər müzakirənin əsas məzmununu təşkil edib.
Maarifləndirici tədbir şagirdləri maraqlandıran sualların cavablandırılması və mövzu ətrafında fikir mübadiləsi ilə yekunlaşıb.






