Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 23)-385-31-32 , (+994 23)-385-26-80

Qusar məktəbliləri beynəlxalq və respublika səviyyəli yarışlarda uğurlu nəticələrə imza atıblar

10 mart 2026 | 17:33
Qusar məktəbliləri qazandıqları uğurlarla rayonun təhsil ictimaiyyətini sevindirməyə davam edirlər. Belə ki, qusarlı şagirdlər 7–8 mart tarixlərində Bakı şəhərində keçirilən “Fibonacci International Robot Olympiad” beynəlxalq yarışında böyük uğur əldə ediblər. Komandalar “Mini Sumo” kateqoriyasında yüksək hazırlıq səviyyəsi və güclü komanda işi nümayiş etdirərək, I və II yerləri tutaraq Avrasiya Çempionatına vəsiqə qazanıblar. Eyni zamanda, “Kavkaz Sky” komandası yarışın dron kateqoriyasında göstərdiyi yüksək performansa görə münsiflər heyətinin xüsusi mükafatına layiq görülüb.
Bununla yanaşı, Qusar rayonu Urva kənd tam orta ümumtəhsil məktəbinin şagirdləri Ağayeva Sevda Anar qızı və Bədəlov Tamerlan Nəriman oğlu 3–5 mart tarixlərində keçirilən “Sabahın Alimləri” XV Respublika Layihə Müsabiqəsinin final mərhələsində uğur qazanaraq bürünc medala layiq görülüblər. Şagirdlər “Torpaq Sürüşməsi Riskinin CatBoost ilə Qiymətləndirilməsi üçün Regime Discovery, Stability Validation və PSO-Optimization inteqrasiyalı qərar qəbuletmə sistemi” mövzusunda hazırladıqları layihəni təqdim edərək müsabiqədə uğurlu nəticə əldə ediblər.
Qeyd edək ki, “Sabahın Alimləri Respublika Layihə Müsabiqəsi” istedadlı şagirdlərin elmi-tədqiqat fəaliyyətinə cəlb olunmasına, onların analitik və tənqidi düşünmə bacarıqlarının inkişafına, həmçinin gələcəkdə beynəlxalq elmi mühitə inteqrasiyasına mühüm töhfə verən nüfuzlu platformadır. Bu il müsabiqəyə ölkə üzrə 760 layihə təqdim olunmuş, onlardan yalnız 152 layihə final mərhələsinə vəsiqə qazanmışdır.
Qusar Rayon İcra Hakimiyyəti Başçısı Aparatının adından şagirdlərimizi qazandıqları nailiyyətlər münasibətilə ürəkdən təbrik edir, onlara gələcək təhsil həyatlarında və fəaliyyətlərində yeni-yeni uğurlar arzulayırıq.
Keçidlər