Qusar məktəbliləri Polis Akademiyasında keçirilmiş növbəti “Açıq qapı” tədbirinin qonağı olublar
09 fevral 2026 | 12:16
Təbliğat-təşviqat istiqamətində həyata keçirilən silsilə tədbirlərin davamı kimi hər həftə Polis Akademiyasında “Açıq qapı” tədbirləri keçirilir. Sağlam düşüncəli və yüksək intellektli gənclərin ixtisas seçimində Polis Akademiyasına üstünlük verməsinin təmin edilməsi məqsədilə ərazi polis orqanları ilə birlikdə zəruri işlər görülür.
5 fevral 2026-cı il tarixdə Qusar rayonunun məktəbliləri Polis Akademiyasının qonağı olmuşdur. Şagirdlər tədris korpusları, konfrans zalı, kriminalistik təlim şəhərciyi, “İnformasiya təhlükəsizliyi” fakültəsinin ən müasir texniki avadanlıqlarla təchiz olunmuş elmi-tədqiqat laboratoriyası, təlim mərkəzi, qapalı atıcılıq tiri, yataqxana ilə tanış olmuşlar. Həmçinin Akademiyanın gündəlik fəaliyyəti ilə bağlı videoçarx nümayiş etdirilmiş, məktəblilərə təhsil mühiti, qəbul qaydaları, kursantların maddi, sosial təminatları və Akademiyada təhsilin üstünlükləri barədə ətraflı məlumat verilmiş, onları maraqlandıran suallar cavablandırılmışdır.






