Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 23)-385-31-32 , (+994 23)-385-26-80

Qusar məktəbliləri “SAF 2025”-də fərqləndilər

20 noyabr 2025 | 20:28
 
Elm və Təhsil Nazirliyinin dəstəyi və “STEAM Azərbaycan” layihəsinin təşkilatçılığı ilə Bakı Ekspo Mərkəzində 17-19 noyabr tarixlərində keçirilən Beynəlxalq STEAM Azərbaycan Festivalı (SAF 2025) başa çatmışdır. Elm və texnologiya sahəsində regionun ən irimiqyaslı tədbirlərindən biri hesab olunan festival robototexnika, süni intellekt, bərpaolunan enerji, dron və peyk texnologiyaları, incəsənət, innovativ layihələr və mühəndislik kimi istiqamətləri əhatə edən geniş proqramı ilə seçilir.
2021-ci ildən etibarən hər il keçirilən festivalın məqsədi STEAM əsaslı tədrisin inkişafı, XXI əsr bacarıqlarına malik gənclərin yetişdirilməsi, yaradıcı düşüncənin stimullaşdırılması və innovativ layihələrin dəstəklənməsidir. Bu il 16 əsas və 2 alt kateqoriya üzrə təşkil olunan yarışlarda 22 ölkəni təmsil edən iştirakçılar arasında 202 nəfəri xarici ölkələrin təmsilçiləri olmaqla 1400-dən çox finalçı seçilmişdir.
Qusar rayonunun təhsil ictimaiyyəti üçün xüsusilə qürurverici məqam ondan ibarətdir ki, Qusar şəhər Elxan Güləliyev adına 2 nömrəli tam orta məktəbin 9-cu sinif şagirdlərindən ibarət “Kavkaz” komandası festivalın ən mürəkkəb və yüksək texniki hazırlıq tələb edən istiqamətlərindən biri olan “CubeSat” kateqoriyası üzrə II yerə layiq görülmüşdür. Komandanın üzvləri – Babayev Mansur Oktay oğlu və Babayev Maqsud Oktay oğlu - mentor David Əliyevin rəhbərliyi ilə yüksək nəticə göstərərək gümüş medala layiq görülmüşlər.
Qusar Rayon İcra Hakimiyyəti Başçısı Aparatının adından şagirdlərimizi və müəllimlərini təbrik edir, onlara gələcək fəaliyyətlərində uğurlar arzu edirik.
Keçidlər