Qusar məktəblilərinin UNEC-ə ekskursiyası təşkil edilmişdir
08 may 2026 | 15:50
Mayın 7-də Qusar Rayon İcra Hakimiyyətinin və Azərbaycan Dövlət İqtisad Universitetinin birgə təşkilatçılığı ilə rayonun bir sıra ümumtəhsil məktəblərinin 10-cu sinif şagirdlərinin Azərbaycan Dövlət İqtisad Universitetinə (UNEC) ekskursiyası təşkil edilmişdir.
Ekskursiyanın əsas məqsədi şagirdləri ölkənin aparıcı ali təhsil müəssisələrindən biri olan UNEC-in tədris imkanları, müasir infrastrukturu və tələbə həyatı ilə yaxından tanış etmək, onların gələcək ixtisas seçiminə dəstək göstərməkdən ibarət olmuşdur.
Ekskursiya çərçivəsində şagirdlərə universitetin fəaliyyəti, fakültə və ixtisaslar, təqaüd proqramları barədə ətraflı məlumat verilmişdir. Şagirdlər UNEC-in müasir təhsil texnologiyaları ilə tanış olmuş, “UNEC onlayn” sisteminin imkanlarını, distant tədris prosesinin təşkilini əyani şəkildə izləmişlər.
Universitetin müasir kitabxanasında şagirdlər elektron resurslardan istifadə qaydaları və kitabxananın zəngin fondu ilə tanış olmuş, Bloomberg Maliyyə Laboratoriyasında şagirdlərə dünya birjalarının real vaxt rejimində necə izlənildiyi, maliyyə bazarlarının təhlili üçün istifadə olunan proqram təminatı nümayiş etdirilmişdir. Bundan əlavə, şagirdlər universitetin tarixini əks etdirən muzeylə tanış olmuş, auditoriyalarda tədris prosesini əyani şəkildə izləmiş, mühazirə zalları və tədris korpuslarına baxış keçirmişlər.
Universitet həyatı ilə tanışlıqdan məmnunluqlarını bildirən təhsilalanlar ekskursiyadan xoş təəssüratlarla ayrılıb və bütün təşkilatçılara öz təşəkkürlərini bildiriblər.






