Qusar məktəblisi beynəlxalq ingilis dili olimpiadasında qızıl medal qazanıb
04 noyabr 2026 | 18:05
Qusar rayonunun Yasab kənd tam orta ümumtəhsil məktəbinin şagirdi Elşad Rəşad oğlu Ağayev beynəlxalq səviyyəli akademik yarışmada yüksək nəticə göstərərək qızıl medala layiq görülüb.
Elşad Ağayev 25 oktyabr 2026-cı il tarixində keçirilən “Olympiad USA” Beynəlxalq İngilis Dili Olimpiadasının 2026–2027-ci tədris ili üzrə seçim mərhələsində uğur qazanıb. Şagird 150 mümkün baldan 124 bal toplayaraq öz kateqoriyası üzrə ən yüksək nəticə göstərən iştirakçılar sırasına daxil olub və qızıl medalla təltif edilib.
Qeyd edək ki, “Olympiad USA” müxtəlif ölkələrdən olan məktəblilərin iştirak etdiyi, ingilis dili üzrə bilik və bacarıqlarının beynəlxalq səviyyədə qiymətləndirilməsini nəzərdə tutan akademik yarışdır. Olimpiada iştirakçıların yalnız dil biliklərini deyil, həmçinin oxuyub-anlama, analitik təfəkkür, məntiqi mühakimə və düzgün ifadəetmə bacarıqlarını da yoxlamağa imkan verir. 2026–2027-ci tədris ili üzrə seçim mərhələsində 3–11-ci sinif şagirdləri beş fərqli kateqoriya üzrə biliklərini sınayıblar. İmtahan 35 sualdan ibarət olub və iştirakçılara 90 dəqiqə vaxt ayrılıb.
Elşadın iştirak etdiyi kateqoriya üzrə 200 şagirdin mübarizə apardığı yarışda iştirakçıların yalnız 5 faizi qızıl medal əldə edib. Qusar məktəblisinin 124 ballıq nəticəsi onu həmin kateqoriya üzrə ən yüksək göstəriciyə malik 10 iştirakçıdan biri edib.
Olimpiadanın müəyyən edilmiş qaydalarına əsasən, seçim mərhələsində qızıl, gümüş və bürünc medal qazanan iştirakçılar ABŞ-nin Mayami şəhərində keçiriləcək beynəlxalq final mərhələsində iştirak hüququ əldə edirlər.






