Qusar məktəblisi "Statistik Olimpiada"da I yerə layiq görülmüşdür
21 oktyabr 2025 | 15:33
Azərbaycanın da həmmüəllif kimi qoşulduğu BMT Baş Assambleyasının 2015-ci il 3 iyun tarixli Qətnaməsinə uyğun olaraq hər beş ildən bir keçirilən Ümumdünya Statistika Günü ölkəmizdə də təntənəli şəkildə qeyd edilir: “BMT-nin Statistika Komissiyasının 2025-ci il 4-7 mart tarixlərində keçirilmiş 56-cı sessiyasında BMT Baş katibinin Ümumdünya Statistika Günü ilə bağlı təqdim olunmuş məruzəsinə əsasən bu əlamətdar gün cari ildə beynəlxalq, milli və regional səviyyədə “Hər kəs üçün keyfiyyətli statistika ilə inkişafa təkan verək” şüarı altında keçirilir.
Dövlət Statistika Komitəsi kollegiyasının 2025-ci il 27 avqust tarixli, 7 nömrəli qərarı ilə təsdiq edilmiş “Ümumdünya statistika gününün qeyd edilməsinə dair Tədbirlər planı”na uyğun olaraq, Beynəlxalq Statistika Günü ilə əlaqədar ölkə üzrə Statistik Olimpiada təşkil olunmuşdur. Olimpiadanın məqsədi gənclərdə statistik düşüncə tərzinin formalaşdırılması, bu sahəyə marağın artırılması və istedadlı kadrların aşkara çıxarılmasıdır. Olimpiada üç mərhələdə həyata keçirilmişdir: birinci mərhələ yerli səviyyədə, ikinci mərhələ rayon Statistika idarələrində, üçüncü və yekun mərhələ isə Dövlət Statistika Komitəsində baş tutub. İştirakçılar öz bilik və bacarıqlarını sınaqdan keçirmək imkanı qazanıblar. Statistik Olimpiadada ümumilikdə 3355 şagird və 198 tələbə iştirak etmişdir. İkinci mərhələdə iştirak edən şagirdlərdən cəmi 10 nəfəri üçüncü mərhələyə keçmiş, öz biliklərini üçüncü mərhələdə sınamaq imkanı qazanmışlar. Qürurverici haldır ki, bu mərhələyə vəsiqə qazananlar sırasında Qusar rayonunun iki məktəblisi də var – Qusar şəhər Elxan Güləliyev adına 2 nömrəli tam orta məktəbinin 10-cu sinif şagirdi Sultanova Aysən Şövkət qızı və Hil kəndi Kərim Kərimov adına tam orta ümumtəhsil məktəbin 11-ci sinif şagirdi Qurbanova Günel Yafəs qızı.
Oktyabrın 20-də Dövlət Statistika Komitəsində Ümumdünya Statistika Günü ilə bağlı Statistik Olimpiadanın qaliblərinin mükafatlandırılması mərasimi keçirilib. Şagirdlər arasında keçirilmiş olimpiadanın nəticələrinə görə, Qusar rayonu Hil kəndi Kərim Kərimov adına tam orta ümumtəhsil məktəbin 11-ci sinif şagirdi Qurbanova Günel Yafəs qızı 1-ci yerə layiq görülüb. Statistik olimpiadanın final mərhələsinə keçmiş tələbə və şagirdlərə sertifikat və hədiyyələr, olimpiadanın qaliblərinə isə diplom və hədiyyələr təqdim olunmuş, xatirə şəkilləri çəkilmişdir.
Qusar Rayon İcra Hakimiyyəti Başçısı Aparatının adından şagirdimizi təbrik edir, gələcək təhsil həyatında uğurlar arzu edirik.






