Qusar məktəblisinin növbəti uğuru: Tural Sultanov “Əlaçı” müsabiqəsinin qalibi olub
28 noyabr 2025 | 15:12
Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin təşkilatçılığı ilə keçirilən “Əlaçı” televiziya layihəsinin 10-cu siniflər arasında keçirilən bilik yarışı Qusar təhsilinin növbəti nailiyyəti ilə yadda qalıb. Qusar şəhəri Bəhruz Ağaverdiyev adına 1 nömrəli tam orta ümumtəhsil məktəbinin 10-cu sinif şagirdi Tural Araz oğlu Sultanov yarışmanın qalibi olub.
Cari ildə “Əlaçı” müsabiqəsinin 22-ci mövsümünün 10-cu siniflər üzrə Quba şəhərində keçirilmiş birinci mərhələsində regionun 5 rayonundan seçilmiş istedadlı şagirdlər arasından seçim turunda ən yüksək nəticə göstərmiş 9 şagird Respublika mərhələsinə vəsiqə qazanıb ki, onların 5-i Qusar şəhər 1 saylı məktəbin şagirdləridir. Bu uğurlu şagirdlərdən biri də Tural Sultanov olub.
Regional mərhələdə uğurla çıxış edən Tural Sultanov Respublika mərhələsində də bilik və bacarığını nümayiş etdirərək 10-cu siniflər üzrə “Əlaçı” müsabiqəsinin qalibi adını qazanıb.
Tural Sultanovun qələbələri bununla məhdudlaşmır. O, keçən tədris ilində də 9-cu siniflər üzrə “Əlaçı” müsabiqəsinin qalibi olmuşdur. Bununla belə Tural intellektual yarışlara davamlı şəkildə qatılaraq yüksək nəticələr göstərib. Belə ki, istedadlı şagird, 2024-2025-ci tədris ilində məktəblilərin səriştə əsaslı tapşırıqlarla işləmə vərdişlərinin təkmilləşdirilməsi, xüsusi istedadlı şagirdlər və qabaqcıl məktəblilərin müəyyən edilməsi məqsədilə keçirilən “BilBacar” intellektual yarışmasının Respublika mərhələsində finala yüksələrək 2-ci yerə layiq görülmüşdür.
Tural Sultanovun əldə etdiyi bu uğurların davamlı olacağına inanır, ona gələcək təhsil həyatında uğurlar arzu edirik.






