Qusar Olimpiya İdman Kompleksində yeni seçilmiş gənc voleybolçular və onların valideynləri ilə görüş keçirilib
08 iyun 2026 | 11:13
Görüşdən əvvəl Qusar Rayon İcra Hakimiyyətinin başçısı Sahir Məmmədxanov və Sumqayıt Regional Voleybol Klubunun rəhbəri Tariyel Alverdiyev bir araya gələrək rayonda idmanın, o cümlədən voleybolun inkişafı, gənclərin idmana cəlb olunması və gələcək əməkdaşlıq perspektivləri ətrafında geniş fikir mübadiləsi aparıblar.
Daha sonra Qusar Olimpiya İdman Kompleksində yeni seçilmiş voleybolçular və onların valideynləri ilə görüş baş tutub. Görüşdə həmçinin Qusar Rayon İcra Hakimiyyəti başçısının müavini, Ərazi-təşkilat və ictimai-siyasi məsələlər şöbəsinin müdiri Ceyhun Hacıyev və Sumqayıt Regional Voleybol Klubunun rəhbəri Tariyel Alverdiyev iştirak etmişdir.
Çıxışlar zamanı gənclərin idmana cəlb edilməsinin əhəmiyyəti vurğulanıb, voleybol idman növünün inkişaf perspektivləri barədə məlumat verilib. Valideynlərlə tanışlıq aparılıb, gələcək fəaliyyət istiqamətləri, məşq prosesi barədə ətraflı məlumat verilib, onları maraqlandıran suallar cavablandırılıb.
Sonda gənc idmançılara uğurlar arzulanıb və xatirə şəkli çəkdirilib.






